Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın Kamışevaxaya aviazərbəsində ölənlərin sayı 72-yə çatıb

Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə Rusiyanın endirdiyi zərbədən sonra iki həftə davam edən axtarış-xilasetmə işləri başa çatıb. Ukraynanın daxili işlər naziri İvan Vıqovski 72 nəfərin meyitinin tapıldığını bildirib.

Dörd nəfər hələ də itkin sayılır. Hücumdan sonrakı ilk saatlarda xilas edilən dörd yaralı isə xəstəxanada müalicə alır.

Həlak olanlar arasında xilasedicilər, polislər, tibb işçiləri, kommunal xidmət əməkdaşları, eləcə də gimnaziya və inzibati xidmətlər mərkəzinin işçiləri var. Ölən müəllimə isə uşaqlara onlayn dərs keçmək üçün hər gün sığınacağa gəlirmiş.

Ukrayna rəsmilərinin məlumatına görə, iki həftəlik xilasetmə işləri zamanı Rusiya qoşunları qəsəbəni 11 dəfə atəşə tutub. Zərbələrdən doqquzu məhz dağıntıların təmizləndiyi əraziyə düşüb. Bu hücumlar nəticəsində üç polis və dörd xilasedici xəsarət alıb.

Noyabrın 2-də Rusiya Kamışevaxanın mərkəzinə doqquz aviabomba atıb. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya hərbçiləri işləməyən məktəb binasındakı humanitar yardım paylama məntəqəsinə toplaşan insanları, ardınca isə hadisə yerinə çatan xilasediciləri və polisləri hədəfə alıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi hücumda iştirak edən Rusiya hərbçilərinin kimliyini müəyyənləşdirib. Bunlar altı pilot və hücumun təşkilatçısı olduğu bildirilən, "Dnepr" qoşun qruplaşmasının qərargahında atəşlə məhvetmə qrupuna başçılıq edən polkovnik Fyodor Zubakovdur.