Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada "terrorçu" və "ekstremist" hesab edilənlərin gizli reyestri yaradılıb

Rusiyada "Rosfinmonitorinq" "terrorçuluq, ekstremizm və ya diversiya fəaliyyəti" ilə əlaqədə şübhəli bilinən 3 mindən çox şəxsin adının yer aldığı məxfi reyestr hazırlayıb. "Birinci şöbə" (Первый отдел) hüquq-müdafiə layihəsi bu reyestrə çıxış əldə etdiyini açıqlayıb.

İctimaiyyətə açıq olan "ekstremistlər və terrorçular" siyahısından fərqli olaraq, bu reyestr gizli saxlanılır. Amma siyahıda adı olan şəxslərin bank hesabları və əmlakı məhkəmə qərarı olmadan dondurula bilər.

"Birinci şöbə" reyestrdə hər kəs üçün axtarış imkanını aktivləşdirdiyini bildirir. Materialda bununla bağlı müvafiq keçid də yerləşdirilib.

Gizli reyestrdə musiqiçi Boris Qrebenşikov, jurnalistlər Andrey Loşak, Maksim Kurnikov, Leonid Parfyonov və Yuliya Latınina, kino tənqidçisi Anton Dolin, rejissor Vitali Manski, bloqer Armen Zaxaryan və hüquq müdafiəçisi Anastasiya Burakovanın da adları var.

Bu məxfi siyahı üçün formal hüquqi əsas kimi "Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" federal qanunun müvafiq maddəsi göstərilir. Həmin maddə "kifayət qədər əsas" yarandıqda qanunsuz fəaliyyətdə şübhəli bilinən şəxslərin əmlakını və hesablarını bloklamağa imkan verir. Hüquq müdafiəçiləri vurğulayırlar ki, qanunda "kifayət qədər əsaslar" dedikdə konkret nəyin nəzərdə tutulduğu izah edilmir.

"Birinci şöbə" RBK-yə istinadən yazır ki, sentyabrın sonunda Rusiya, Belarus, Qazaxıstan və bir sıra digər keçmiş sovet respublikalarının baş prokurorları terrorçuluq və ekstremizmlə mübarizədə əməkdaşlıq haqqında saziş imzalayıblar. Saziş operativ məlumat mübadiləsini nəzərdə tutur. Sənədə əsasən, təkcə barələrində cinayət işi açılmış şəxslər deyil, hələ cinayət məsuliyyətinə cəlb edilməmiş şəxslər, o cümlədən "Rosfinmonitorinq"in kölgə siyahısında olanlar haqqında məlumatlar da ötürüləcək.

"Adınız bu reyestrə salınıbsa, təhlükəsizliyiniz barədə düşünməyin əsl vaxtıdır. Bu halda yaxın zamanda barənizdə cinayət işinin açılması ehtimalı kifayət qədər yüksəkdir", – "Birinci şöbə"nin vəkili Yevgeni Smirnov bildirib.