Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hüseyn Abdullayev və anası Avropa Məhkəməsinə şikayətlərini geri götürüblər

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva Avropa Məhkəməsinə ünvanladıqları şikayətləri geri götürüblər. Buna görə də onların ərizələrinin baxılan işlər siyahısından çıxarılmasına qərar verilib. Avropa Məhkəməsi bu məlumatı noyabrın 12-də yayıb.

Söhbət H.Abdullayevin 2018-ci ildə Türkiyədə saxlanılaraq Bakıya gətirilməsi və burada 6 il azadlıqdan məhrum edilməsi, eləcə də anasının onunla birlikdə mühakimə olunması ilə bağlı şikayətdən gedir.

Sabiq deputatın və anasının ərizəsi əsasında Avropa Məhkəməsində 2024-cü ildə kommunikasiya mərhələsi başlayıb və hökumətə suallar göndərilib.

H.Abdullayevin ərizəsində göstərilib ki, o, 2013-cü ildə Almaniyaya köçüb. O, orada olarkən Azərbaycan hökumətini tənqid edən musiqi bəstələyib, həmin "Susma" mahnısına klip çəkdirərək yayımlayıb. Bundan sonra o, İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Bu səbəbdən o, siyasi sığınacaq üçün Almaniyaya müraciət edib və sığınacaq alıb. Almaniyada sığınacaq aldıqdan sonra 2014-cü ildə onun barəsindəki axtarış qərarı ləğv edilib. Amma 2018-ci ildə istirahət məqsədilə İstanbulda olarkən saxlanılıb və heç bir məhkəmə qərarı olmadan Azərbaycana gətirilərək həbs edilib.

H.Abdullayevə qarşı dələduzluq, vergidən yayınma və digər ittihamlar irəli sürülüb.

Z.Abdullayeva isə bacısının pasportu ilə sərhədi keçməkdə təqsirləndirilib.

Yekunda Bakı Hərbi Məhkəməsinin hökmü ilə H.Abdullayevə 6 il həbs, anasına isə 4 min manat cərimə cəzası kəsilib. Onların bir çox əmlakı müsadirə olunub.

Onlar özlərini təqsirli bilməyib və ittihamların əsassız olduğunu deyiblər.

H.Abdullayev siyasi sifarişlə cəzalandırıldığını iddia edib.

Z.Abdullayeva son illərdə bir neçə dəfə prezident İlham Əliyevə üz tutaraq oğlunun səhhətində ciddi problemlər olduğunu bildirib və H.Abdullayevin azadlığa buraxılmasını xahiş edib.

Vəkili Cavad Cavadov da mediaya açıqlamalarında sabiq deputatın sağlamlıq durumunun ağır olduğunu bir neçə dəfə vurğulayıb.

Xatırlatma

H.Abdullayev 2005–2007-ci illərdə Milli Məclisin deputatı olub. O, 2007-ci ildə parlamentdə deputat Fəzail Ağamalı ilə davadan sonra xuliqanlıq ittihamı ilə həbs edilib, daha sonra şərti cəza ilə azadlığa buraxılıb.

59 yaşlı H.Abdullayev 2018-ci ilin aprelindən həbsdədir. 2024-cü ilin martında – 6 illik cəzasının bitməsinə 40 gün qalmış onun barəsində yenidən cinayət işi başlanıb. Keçmiş deputata bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə 9 il həbs cəzası kəsilib.

H.Abdullayev özünü təqsirli bilmir və onu həbsdən buraxmamaq üçün sifarişlə ikinci cinayət işinin başlandığını bildirir.

2020-ci il avqustun 26-da BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu H.Abdullayev haqqında qərar qəbul edib. Qərarda vurğulanıb ki, həm Türkiyə, həm də Azərbaycan H.Abdullayevə münasibətdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, eləcə də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozub.