Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya: Taun institutu əməkdaşının ölümü barədə ÜST-yə məlumat verilib

Rusiya ötən həftə Sibirdəki taun institutunda laborantın vəfat etməsi barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) rəsmi qaydada məlumat verib. Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 7-də bunu təsdiqləyib və medianı hadisə haqqında yalan məlumatlar yaymaqda ittiham edib.

Peskov "ABC News"un xəbərini şərh edib. ABŞ-nin bu media orqanı Vaşinqtonun ölüm hadisəsinə görə Rusiyaya rəsmi etiraz etdiyini və Moskvanı daha şəffaf olmağa çağırdığını yazmışdı.

Vəfat edən laboratoriya əməkdaşının hansı şəraitdə xəstələndiyi açıqlanmayıb. Hadisədən sonra rəsmi qurumlar onlarla insanı karantinə alıb, Rusiyanın səhiyyəyə nəzarət qurumunun rəhbəri İrkutsk vilayətinə ezam olunub.

Peskov hadisə ilə bağlı yayılan məlumatların böyük hissəsinin yanlış olduğunu deyib, insanları dövlət nəzarət qurumu olan "Rospotrebnadzor"un rəsmi açıqlamalarına əsaslanmağa çağırıb. Qurum ötən gün bildirib ki, vəfat edən əməkdaşla təmasda olmuş şəxslərin heç birində taun infeksiyası aşkarlanmayıb.

Peskov onu da deyib ki, hazırda Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında hər hansı telefon danışığı planlaşdırılmayıb. Tramp bir gün əvvəl bu məsələni Putinlə "çox yaxında" müzakirə edəcəyini bildirmişdi.