Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniyada kəşfiyyatın keçmiş rəhbəri casusluq ittihamı ilə saxlanıldı: "Azərbaycan izi"

Almaniyada Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninq casusluq, dövlətə xəyanətə cəhd, xarici dövlətin maraqları naminə kəşfiyyat fəaliyyəti aparmaq şübhəsi ilə saxlanılıb. Bunu Almaniyanın Federal Prokurorluğu oktyabrın 6-da bildirib.

Hanninq 1998-2005-ci illərdə BND-yə rəhbərlik edib, daha sonra Daxili İşlər Nazirliyində dövlət katibi vəzifəsində çalışıb. İş üzrə digər şübhəli şəxs Manfred D. İsə həm Hanninqin, həm də ondan sonrakı rəhbərlərin dövründə - 2026-cı ilin martınadək xidmətin aparat rəhbəri olub. O, casusluqda və dövlətə xəyanətə cəhdə yardım etməkdə ittiham olunur.

İstintaqın versiyasına görə, 2010-cu ilin yazında şübhəlilər arasında razılaşma olub: Manfred D. pul qarşılığında BND-nin kəşfiyyat məlumatlarını Hanninqə ötürməli, Hanninq isə bu sənədlərdən özəl məsləhət xidmətlərində istifadə etməli idi. Müstəntiqlərin qənaətinə görə, Hanninqə ümumilikdə iki minə yaxın sənəd ötürülüb və onların böyük hissəsi məxfi məlumatlardan ibarətdir.

Azərbaycan şübhəsi

Prokurorluq bildirir ki, Hanninq xarici kəşfiyyat əməkdaşı üçün analitik arayış hazırlayarkən bu məxfi sənədlərdən istifadə edib. O, həmçinin başqa bir xarici kəşfiyyat xidmətinin nümayəndəsi ilə də sıx əlaqə saxlayaraq, ona qismən Manfred D.-dən aldığı materiallara əsaslanan siyasi məlumatlar ötürüb.

"Bild" nəşrinin araşdırmasına görə, keçmiş kəşfiyyat rəhbərinin təhlilləri məhz Azərbaycan kəşfiyyat xidməti üçün hazırladığı ehtimal olunur. Hazırda müstəntiqlər məxfi məlumatların bura ötürülüb-ötürülmədiyini araşdırırlar. Qeyd olunur ki, Hanninqin Azərbaycan xüsusi xidmət orqanları ilə mümkün əlaqələrinə dair şübhələr və əlamətlər getdikcə artır.

"Bild" həmçinin xatırladır ki, Hanninqin əvvəllər də Azərbaycanla əlaqələri olub - o, Almaniya-Azərbaycan Forumunun idarə heyətinin üzvü kimi fəaliyyət göstərib.

DW bu hadisəni "Almaniyada bu əsrin ən böyük casusluq qalmaqalı" adlandırır və proseslərin real vaxt rejimində sürətlə inkişaf etdiyini bildirir. Medianın yazdığına görə, bu istintaq hələ 2025-ci ilin sentyabrında sahibkar Kristina Blok və digər şəxslərin işi üzrə - uşaq oğurluğu çərçivəsində Hanninqin evində aparılan axtarışdan sonra başlayıb. Hanninq və Hamburq kriminal polisinin keçmiş əməkdaşı 2022-ci ildə Blokdan uşaqlarının oğurlanması sifarişini almaqda şübhəli bilinirlər.

4 il ərzində Rusiyaya 7 səfər

Hanninqin konkret hansı xarici dövlətlə əməkdaşlıqda ittiham olunduğu hələlik rəsmən açıqlanmayıb. "Bild" yazır ki, o, dünyanın müxtəlif ölkələrində təhlükəsizlik və biznes sahəsində məsləhətçi işləyib, Rusiya və Çinin dövlət qurumları ilə əlaqələri olub. Nəşrin məlumatına görə, Hanninq Latviyada direktorlar şurasının üzvü olduğu "PNB Banka" ilə bağlı məhkəmə işinə görə pensiyasına həbs qoyulduğu üçün maliyyə çətinlikləri çəkirmiş.

"The Insider" nəşri bildirir ki, Hanninq təkcə 2015-2019-cu illər ərzində Rusiyaya yeddi dəfə səfər edib. Onun bəzi səfərləri bir sutkadan az çəkib: axşam Moskvaya uçub, ertəsi gün isə dərhal geri qayıdıb.

Hanninq oktyabrın 6-da səhər Münsterdə saxlanılıb. Bu şəhərdə, eləcə də Berlində və Manfred D.-nin Bavariyadakı evində axtarışlar aparılıb. Oktyabrın 7-də Hanninqin Federal Ali Məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

BBC xatırladır ki, bu, BND-nin üzləşdiyi ilk analoji qalmaqal deyil. 2023-cü ildə Almaniya kəşfiyyatının yüksək rütbəli əməkdaşı dövlət sirlərini Rusiyaya ötürməkdə - dövlətə xəyanətdə ittiham olunmuşdu. Prokurorların iddiasına görə, Karsten L. adlı həmin şəxs Ukraynadakı müharibə və "Vaqner" muzdlu dəstəsi barədə kəşfiyyat məlumatları ötürməyin qarşılığında təxminən 400 min avro (450 min dollar) almışdı. Hazırda onun məhkəməsi gedir.

Media və Yayım Şurası: "Dezinformasiyadır"

Bu iddialara həm A.Hanninqin, həm də Azərbaycanın rəsmi qurumlarının reaksiyası hələlik bəlli deyil.

Amma Azərbaycan Respublikası Media və Yayım Şurası bu məsələdə Azərbaycanla bağlı şübhələrə münasibət bildirib.

"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son vaxtlar Azərbaycana qarşı aparılan intensiv qarayaxma kampaniyasının tərkib hissəsidir", - qurum vurğulayır.

"Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır", - açıqlamada əlavə edilir.