İranda dərman qıtlığı qara bazarı böyüdür
08 Oktyabr 2026
İranda dərman qıtlığı xəstələri qara bazara üz tutmağa vadar edir. Burada zəruri dərmanlar rəsmi qiymətindən bir neçə dəfə baha satılır.
İran Əczaçılar Assosiasiyasının məlumatına görə, hazırda ölkədə təxminən 800 preparatın qıtlığı yaşanır. Bu böhrana maliyyə məhdudiyyətləri, dərman və xammal idxalındakı çətinliklər, eləcə də ABŞ ilə davam edən münaqişə təsir göstərir.
Ölkənin Qida və Dərman Administrasiyasının rəhbəri Mehdi Pirsalehi də maliyyə sıxıntılarını və idxal üçün gərəkən xarici valyuta çatışmazlığını xüsusi vurğulayır.
Döş xərçəngindən müalicə olunan 45 yaşlı bir qadın AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) bildirib ki, hər gün qəbul etməli olduğu dərmanın yerli istehsalı apteklərdə bitib. 30 həblik qablaşdırmanın rəsmi qiyməti 4 milyon rial (1.50 ABŞ dolları) olsa da, o, qara bazardan bu dərmanı 50 milyon riala (19 dollar) — yəni 12.5 dəfə baha alır.
Qadın başqa bir preparatın hər inyeksiyası üçün azı 30 milyon rial (11 dollar) ödədiyini bildirib. Aldığı preparatlardan ikisi saxta çıxaraq ağır fəsadlar yaradıb.
İran Statistika Mərkəzinin məlumatına görə, ölkədə orta aylıq əməkhaqqı təxminən 400-500 dollardır, Tehran kimi böyük şəhərlərdə isə bu məbləğ iki dəfəyə qədər arta bilir.
Telegram-da gizli satışlar
"Radio Fərda" Telegram qruplarında və digər onlayn kanallarda Parkinson, astma, depressiya, diabet və ürək xəstəlikləri üçün preparatlar reklam edən satıcılar tapıb. Satıcılardan biri xroniki obstruktiv ağciyər xəstəliyi, depressiya və miqren dərmanları təklif edib.
Bəzi satıcıların sözlərinə görə, müharibə səbəbindən tətbiq olunan uçuş məhdudiyyətləri dərman idxalını çətinləşdirsə də, alternativ yollar qalır. Digər bir qadın satıcı isə qardaşı ilə birlikdə işlədiyini deyib. Qardaşı dərmanları "haradan bacarırsa" tapır, özü isə onların reklamı və satışı ilə məşğul olur: "Siz sadəcə sifariş verirsiz. Dərman satışı heç də sərfəli deyil, sadəcə dolana bilmək üçün bu işi görürük".
Sabit bir qiymət yoxdur
Qara bazardakı qiymətlər çox vaxt aptek qiymətlərindən xeyli yüksək olur.
İsfahanda bir satıcı Parkinson xəstəliyi üçün istifadə olunan preparatı 20 milyon riala (7 dollar) təklif etdiyi vaxtda, Yəzddə başqa bir satıcı həmin dərmana 72 milyon rial (27 dollar) qiymət qoyub. Bu isə üç dəfədən çox fərq deməkdir.
"Radio Fərda"nın müxbiri Behnaz Cəlalipur rəsmi qiymətlərin də artdığını yazır. İran Əczaçılar Assosiasiyasının sözçüsü bu yaxınlarda yerli mediaya bildirib ki, bu il dərman qiymətləri orta hesabla 30-70 faiz yüksəlib. Bəzi xarici markalı dərmanların qiyməti isə 300 faizədək artıb.
İndi dərmanlarını çətinliklə də olsa, tapa bilən xəstələri getdikcə tək bir sual düşündürür: onları almağa pulları çatacaqmı? Dərman satanlar üçün isə bu iş artıq sadəcə bir dolanışıq vasitəsidir.