Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Danimarkanın müdafiə zavodlarını hədəf alır – Kəşfiyyat

Rusiya Danimarkanın Ukraynaya hərbi məhsul göndərən hərbi sənaye şirkətlərinə qarşı təxribata başlayıb. Bunu Danimarkanın Polis Kəşfiyyat Xidmətinin (PET) analitiki Yozefina Kristensen Kopenhagendə təhlükəsizlik konfransında bildirib.

"Yaz aylarında genişmiqyaslı planlaşdırma müşahidə etsək də, çox az əməliyyat gerçəkləşmişdi. Amma yayın əvvəlindən etibarən onlar daha aktiv əməliyyat fazasına keçdilər", – o deyib.

Kristensen izah edib ki, Rusiya hazırda məhz silah istehsalını hədəf alır və "cəbhə xəttinə birbaşa təsir göstərə biləcək hədəfləri vurmağa çalışır".

Onun sözlərinə görə, Moskva bu işlər üçün daha çox hazırlıqsız agentlərdən – "Telegram" və digər sosial şəbəkələr vasitəsilə cəlb olunmuş evsizlərdən və narkotik asılılığı olan şəxslərdən istifadə edir.

Analitik qeyd edib ki, agentlərin cəlbi adətən məlumat toplamaq və ya foto çəkmək kimi sadə tapşırıqlarla başlayır, daha sonra isə real diversiya əməliyyatlarına keçir: "Bu, sadəcə tez pul qazanmaq istəyən hər hansı bir şəxs ola bilər. Birinci şəxs uğursuz olarsa, onlar istədiklərinə nail olanadək başqa birinin köməyi ilə məqsədlərini reallaşdırmağa çalışırlar".

"Politico" nəşri isə bundan əvvəl yazmışdı ki, Avropa İttifaqının (Aİ) 27 ölkəsinin səfirləri son həftələr Rusiyanın insan tələfatına səbəb ola biləcək mümkün irimiqyaslı hibrid hücumlarına blokun necə cavab verməli olduğunu müzakirə edirlər. Nəşr bunu Aİ-nin beş diplomatı və rəsmisinə istinadən yazıb. Onların qənaətinə görə, belə bir ssenarinin baş verməsi getdikcə daha real görünür.

Diplomatlar böhran bölgələrinə təcili reaksiya qruplarının göndərilməsini, zərərçəkən ölkəyə maliyyə yardımının ayrılmasını və Aİ qurumlarının rəhbərləri arasında qarşılıqlı fəaliyyət mexanizminin qurulmasını müzakirə edirlər.