Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rekord istilər vaxtı Avropada 10 mindən çox insan ölüb

Rəsmi məlumatlara əsasən, iyunun sonlarında Qərbi Avropanı bürüyən rekord istilik dalğası zamanı Avropa ölkələrində 10 mindən çox əlavə ölüm qeydə alınıb.

EuroMOMO şəbəkəsinin məlumatlarına görə, ölənlərin 9 mindən çoxunun yaşı 65 və yuxarı olub. Bu şəbəkəni Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Avropa Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dəstəkləyir.

Aşırı istilik ölümə səbəb ola, ürək-damar və tənəffüs sistemi xəstəliklərini ağırlaşdıra bilər. Yaşlı insanlar bu baxımdan ən həssas qruplardan sayılır.

"İlin bu dövründə belə yüksək əlavə ölüm hallarının qeydə alınması qeyri-adidir. Bu, gerçəkdən çox yüksək göstəricidir. Bu qədər yüksək əlavə ölüm hallarını ekstremal istidən başqa hər hansı amillə izah etmək çətindir", – bunu “Reuters”ə Danimarkanın “Statens Serum” İnstitutunun baş həkimi və EuroMOMO layihəsinin rəhbərlərindən biri Lasse Vesterqard deyib.

Alimlərə görə, iyunun sonundakı istilik dalğası insan fəaliyyətinin doğurduğu iqlim dəyişikliyi olmasaydı, "praktiki mümkün olmazdı". Onların fikrincə, qlobal istiləşmədən dolayı istilik dalğaları daha tez-tez və daha güclü baş verir.

Statistikaya istilik dalğasının Fransa, İspaniya, Böyük Britaniya və digər ölkələrdə pik həddə çatdığı 22-28 iyun həftəsi daxildir. İyunun sonundakı ekstremal istilər elektrik enerjisi təchizatında fasilələrə, məktəblərin bağlanmasına səbəb olub, Fransa, İspaniya ilə Böyük Britaniyada temperaturda yeni rekordlar qeydə alınıb.