Logo
news content
User
Kateqoriyalar

Xəbər

Politkovskayanın qətlindən 20 il keçir: Qızı Rusiyada çox şeyin dəyişmədiyini deyir

Rusiyada araşdırmaçı jurnalist Anna Politkovskayanın qətlindən 20 il keçir. O, inadkarlıqla Moskvanın Çeçenistandakı qanlı müharibəsini ifşa edir, prezident Vladimir Putinin ölkədə demokratiyanı necə məhdudlaşdırdığını sənədləşdirirdi. Jurnalistin qızı Vera anasının amansız qətlindən bəri Rusiyanın siyasi mühitində çox az şeyin dəyişdiyini deyir.

"İnsanlar ona deyirdilər: "Şişirdirsən, hər şeyi qara görürsən"", – Vera Politkovskaya AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində bildirib.

"İndi də eyni vəziyyətdir, sadəcə parçalanma daha da dərinləşib. Hər şey onun azı 20 il əvvəl proqnozlaşdırdığından daha kəskin xarakter alıb", – o əlavə edir.

Hacıqurbanovu Putin əfv etdi

Müstəqil "Novaya Gazeta" nəşrində çalışan Politkovskaya 2006-cı il oktyabrın 7-də Moskvada yaşadığı mənzildə güllələnərək öldürülüb. Qətlin prezident Vladimir Putinin doğum günündə baş verməsi bu cinayətin dövlət başçısına "hədiyyə" olması barədə ehtimallara yol açıb.

Keçmiş polis Sergey Hacıqurbanov qətli təşkil etməkdə günahlandırılaraq 20 il həbs cəzası alsa da, özünü təqsirli bilmirdi. O, Rusiyanın Ukraynadakı müharibəsində iştirak etdikdən sonra, 2023-cü ildə Putin tərəfindən əfv olunub.

Çeçenistan əsilli Rüstəm Mahmudov və Lom-Əli Qaytukayev də ömürlük həbs cəzası alıblar. Andlılar məhkəməsi Mahmudovu Politkovskayanı güllələməkdə, Qaytukayevi isə qətlin təşkilində təqsirli bilib. Qaytukayev sonradan həbsxanada ölüb.

İş üzrə digər müttəhim - Moskva polisinin keçmiş əməkdaşı Denis Pavlyuçenkov isə Politkovskayanı qətlindən əvvəl izlədiyini etiraf edib və 11 il həbs cəzasına məhkum olunub.

"Novaya Gazeta"nın altı jurnalisti və əməkdaşlıq etdiyi şəxslər – İqor Domnikov (2000), Yuri Şekoçixin (2003), Anna Politkovskaya (2006), Anastasiya Baburova (2009), Stanislav Markelov (2009) və Natalya Estemirova (2009) qətlə yetiriliblər. Redaksiya və insan haqları fəalları bu qətllərin onların jurnalist fəaliyyətinə görə qisas olduğunu bildirirlər.

"O, bir çoxlarından daha uzağı görürdü"

Politkovskayanın ölümündən sonra Rusiya hakimiyyəti azad mediaya və vətəndaş cəmiyyəti qurumlarına qarşı bir sıra hüquqi məhdudiyyətlərə əl atıb. Xaricdən maliyyə alan şəxsləri və qurumları cəzalandıran "xarici agent" qanunu, həmçinin milli təhlükəsizliyə təhdid sayılan xarici təşkilatları qadağan edən "arzuolunmaz təşkilatlar" qanunu bu sıradadır.

V.Politkovskaya deyir ki, anasının jurnalist fəaliyyəti məhz belə addımları ifşa etməyə yönəlmişdi: "Əslində anamın işinin əsas mövzusu adi insanların hekayələrini danışmaq, siyasi və hərbi sistemin adi insanı necə əzib keçdiyini göstərmək idi... Anam o vaxt məhz bunları görür və bunlardan danışırdı. O, bir çoxlarından daha uzağı görürdü. İnsanlar isə ona inanmırdılar".

A.Politkovskaya 1958-ci ildə Nyu-Yorkda, Ukraynadan olan sovet diplomatının ailəsində doğulub. O, həm Rusiyada, həm də beynəlxalq səviyyədə çoxsaylı mükafatlar qazanıb. 2001-ci ildə "Amnesty International"ın Qlobal İnsan Hüquqları üzrə Jurnalistika mükafatına, 2002-ci ildə PEN Yazmaq Azadlığı mükafatına, 2004-cü ildə isə Ulof Palme mükafatına layiq görülüb. 2007-ci ildə isə ölümündən sonra "UNESCO/ Gilyermo Kano" Dünya Mətbuat Azadlığı mükafatını alan ilk şəxs olub.