Paşinyan: TRIPP Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
23 Sentyabr 2026
"Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi Ermənistan və ölkənin iqtisadiyyatı üçün yeni dövrün başlanğıcını qoyacaq, həmçinin beynəlxalq logistika marşrutlarını dəyişdirəcək.
Ermənistan mediası xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da "Konkordiya" sammitində panel müzakirəsi zamanı bəyan edib.
"Hazırda biz TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetiririk, bunun nəticəsində regional əlaqəlilik tam təmin olunacaq. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövrün başlanğıcını qoyacaq, çünki ilk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz olacaq", - o deyib.
Baş nazir həmçinin qeyd edib ki, İrəvan "Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və bunun çərçivəsində dəmiryol əlaqəsini səbirsizliklə gözləyir".
"Ümumilikdə bu (TRIPP layihəsi - red.) həmçinin beynəlxalq logistikanı dəyişdirəcək, çünki beynəlxalq ictimaiyyət Şərq ilə Qərb arasında yeni marşrut əldə edəcək", - erməni baş naziri vurğulayıb.