Paşinyan: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır
23 Sentyabr 2026
Ermənistanın baş naziri Nikol Paşinyan bir daha Moskvanı Ermənistanın dəmir yolu şəbəkəsinin uzunmüddətli idarəçiliyindən imtina etməyə çağırıb. Bundan əvvəl isə Rusiyanın yüksəkvəzifəli rəsmiləri Yerevana bu məsələ ilə bağlı xəbərdarlıq etmişdilər.
"İndi gözləntimiz budur ki, Rusiya bizim razılığımızla konsessiya hüquqlarını üçüncü tərəfə satsın. Bu üçüncü tərəf həm Ermənistan Respublikası, həm də Rusiya Federasiyası üçün məqbul olmalıdır", – Paşinyan "Boon TV" telekanalının ötən həftəsonu yayımladığı müsahibəsində deyib.
Paşinyan bir daha vurğulayıb ki, Ermənistan dəmir yollarının hazırkı statusu Türkiyə və Azərbaycanı ölkə ərazisindən daha aktiv tranzit üçün istifadə etməkdən çəkindirir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 17-də bu iddiaları "absurd" adlandırıb. O, Ermənistan hökumətini ölkədə fəaliyyət göstərən Rusiya kapitallı müəssisələrə qarşı "reyder hücumu" planlaşdırmaqda ittiham edib.
"Rusiya iqtisadi maraqlarının hər hansı şəkildə pozulmasına reaksiya verəcək"
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 17-də bu iddiaları "absurd" adlandırıb. O, Ermənistan hökumətini ölkədə fəaliyyət göstərən Rusiya kapitallı müəssisələrə qarşı "reyder hücumu" planlaşdırmaqda ittiham edib.
Şoyqunun müavini Aleksey Şevtsov və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bir gün sonra bildiriblər ki, bu cür addımlar Yerevan üçün ağır nəticələrə səbəb olacaq.
"Rusiya öz iqtisadi maraqlarının hər hansı formada pozulmasına müvafiq reaksiya verəcək", – M.Qaluzin nazirliyin saytında yayımlanan yazılı açıqlamasında bildirib.
Rusiya XİN ötən ay bildirib ki, Paşinyan "Rusiya Dəmir Yolları" şirkətinin Ermənistanın dəmir yolu şəbəkəsi üzərindəki konsessiya hüququnu ləğv etmək istəyir və bu, Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq səylərinin bir hissəsidir. Qaluzin də Yerevanın "başqa dövlətlərin geosiyasi layihələrinin maraqları naminə" hərəkət etdiyini vurğulayıb.
"Rusiya Dəmir Yolları" 2008-ci ildə imzalanmış 30 illik müqaviləyə əsasən Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir. Paşinyan ilk dəfə fevral ayında bu müqaviləyə xitam verilməsi çağırışı ilə çıxış edib və bu addım Moskvanın kəskin reaksiyasına səbəb olub.
O vaxtdan bəri Rusiya-Ermənistan münasibətləri daha da gərginləşib. Moskva Yerevanı Avropa İttifaqına inteqrasiya səyləri ilə Rusiyanın rəhbərlik etdiyi ticarət blokunda (Avrasiya İqtisadi İttifaqı) qalmaq arasında tezliklə seçim etməyə çağırır. Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Qırğızıstanda Paşinyanla görüşü zamanı Ermənistanın bu məsələ ilə bağlı referendum keçirməsi tələbini açıq şəkildə təkrarlayıb.
İki liderin yaxın vaxtlarda Moskvada yenidən bir araya gələcəyi gözlənilir. Paşinyan dəmir yolu məsələsinin bu görüşün əsas müzakirə mövzularından biri olacağını bildirib.