Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə başlayandan Ukraynada azı 259 min Rusiya hərbçisi həlak olub

Rusiya Ukraynanın genişmiqyaslı işğalına başlayandan bəri cəbhədə azı 258 min 989 Rusiya hərbçisi həlak olub. Bunu BBC-nin rus xidməti və "Mediazona" nəşrinin jurnalistləri könüllülərlə birlikdə hesablayıblar. Həlak olanların təxminən 7 min 700-ü Rusiya ordusunun və digər güc strukturlarının zabitləridir. Siyahıda yalnız açıq mənbələr əsasında kimliyi müəyyənləşdirilən şəxslər yer alıb. Real itkilərin sayı xeyli yüksək ola bilər.

Jurnalistlər bu hesablamanı Rusiyada səfərbərliyin elan olunmasının dördüncü ildönümü münasibətilə yayıblar. Son iki həftədə siyahıya 10 mindən çox yeni ad əlavə edilib. Adətən bu müddətdə siyahıya təxminən 5-6 min ad salınır. "Mediazona" qeyd edir ki, bu artım həlak olanların sayının kəskin artması ilə bağlı deyil. Məsələ ondadır ki, Rusiya ilə Ukrayna arasında meyitlərin mübadiləsinə dair sızdırılmış siyahılardakı adlar dövlət reyestrləri vasitəsilə təsdiqlənərək məlumat bazasına əlavə olunub.

BBC və Mediazona həlak olanların açıq məlumat bazasını da yayımlayır. Bazada hər bir şəxsin adı, hərbi xidmətə çağırıldığı yer, rütbəsi, həlak olduğu tarix və yer göstərilir.

Dörd il əvvəl elan olunmuş səfərbərlik davam edir

Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə kişilərin qismən səfərbərliyini elan etməsindən dörd il ötüb. Hazırda səfərbərlik çərçivəsində çağırış aparılmasa da, səfərbərlik formal olaraq davam edir, çünki prezident onun ləğvi barədə fərmanı verməyib. Buna görə də dörd il əvvəl orduya çağırılan şəxslər tərxis edilməyiblər.

Hesablamaları aparan jurnalistlərin məlumatına görə, səfərbər edilmiş şəxslərdən azı 20 mini həlak olub. Rəsmi məlumatlarda ümumilikdə 300 min nəfərin səfərbərliyə cəlb edildiyi bildirilirdi.

Mediazona və BBC-nin rus xidməti həlak olanların sayını açıq mənbələr — yerli media orqanlarının yazıları, şəhər və kənd administrasiyalarının məlumatları, ölənlərin yaxınlarının sosial şəbəkələrdəki paylaşımları və qəbiristanlıqlardan toplanan məlumatlar əsasında hesablayır.

Onlar Rusiyanın real itkilərinin açıqlanan rəqəmlərdən daha yüksək ola biləcəyini vurğulayırlar. Araşdırmaçılara görə, topladıqları məlumatlar həqiqi itkilərin yalnız 45-65 faizini əhatə edə bilər. Rusiya hakimiyyəti itkilərlə bağlı rəsmi statistika açıqlamır.