Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvadan Yerevana sərt xəbərdarlıq: Rusiya müəssisələrinə toxunmayın

Sentyabrın 18-də Rusiyanın yüksəkvəzifəli rəsmisi Ermənistan hökumətinə ölkədə Rusiyanın nəzarətində olan müəssisələri ələ keçirməməklə bağlı xəbərdarlıq edib.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov iddia edir ki, Ermənistan hökuməti Rusiya müəssisələrinin pis idarə olunması, təbiətə ziyan vurması və işçilərə az maaş verməsi barədə yalan ittihamlar yayır. Onun sözlərinə görə, məqsəd sahibkarları bu aktivləri satmağa məcbur etməkdir.

"Rusiya şirkətlərinin respublikada on minlərlə iş yeri yaratdığını, aktivlərini qanuni əsaslarla səmərəli idarə etdiyini və Ermənistanın ÜDM-nə əhəmiyyətli töhfə verdiyini nəzərə alsaq, belə taktika Ermənistan iqtisadiyyatının öz ayağına güllə vurmasına bərabər olar", – Şevtsov Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı yazılı açıqlamada bildirib.

Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da ötən gün baş nazir Nikol Paşinyanın hökumətini ittiham edib, Yerevanın Rusiya ilə əlaqələri kəsməyə çalışdığını söyləyib. Şoyqu Ermənistanın ölkədəki dəmir yolu şəbəkəsində Rusiyanın idarəçiliyinə son qoymaq istədiyini xüsusi vurğulayıb.

Şevtsov isə deyib ki, Ermənistandakı Rusiya sənaye və infrastruktur müəssisələrinin növbəti hədəflərə çevrilə biləcəyinin əlamətləri görünür. O, Ermənistan hökumətinin müxalifət liderləri Samvel Karapetyan və Qagik Tsarukyanın iri şirkətlərini milliləşdirmək cəhdlərini pisləyib. Şevtsovun iddiasına görə, bu, "Rusiya şirkətləri və onların işə götürdüyü vətəndaşlar üçün şəraitin pisləşdirilməsi siyasətinin tərkib hissəsidir".

Karapetyan Ermənistanın ən böyük müxalifət qüvvəsinə rəhbərlik edir, Rusiya vətəndaşlığı var, sərvətini Rusiyada qazanıb.

Tsarukyan isə Moskva ilə sıx əlaqələrin tərəfdarı olan daha bir müxalifət partiyasına rəhbərlik edir. Ermənistanda 7 iyun parlament seçkilərindən sonra ona ittiham irəli sürülüb və o, həbs edilib.

İki həftə əvvəl Rusiya prezidenti Vladimir Putin Qırğızıstanda Paşinyanla danışıqlar aparıb. Putin Ermənistan baş nazirini ölkənin Avropa İttifaqına qoşulması, yoxsa Rusiya ilə müttəfiq qalması barədə tezliklə referendum keçirməyə çağırıb. Paşinyan isə bu tələbi yenidən rədd edib.