Mirziyoyev böyük qızını özünə müavin təyin etdi
15 Avqust 2026
Özbəkistan prezidenti Şavkat Mirziyoyev avqustun 14-də "Prezident Administrasiyası haqqında" konstitusiya qanununu imzalayıb. Qanun sözügedən dövlət qurumunun statusunu, vəzifələrini və fəaliyyətinin əsaslarını müəyyən edir. Məlumatı AzadlıqRadiosunun Mərkəzi Asiya üzrə rusdilli "Azattyq Asia" xidməti yayıb.
Sənədə əsasən, Prezident Administrasiyasını (PA) dövlət başçısı formalaşdırır, birbaşa ona tabedir, ona hesabat verir. Qurumun rəhbəri prezident tərəfindən vəzifəyə təyin olunur və azad edilir.
Administrasiya rəhbəri eyni zamanda Prezident yanında Təhlükəsizlik Şurası sədrinin müavini olur, Şura üzvlərinin fəaliyyətini təşkil edir və əlaqələndirir. Təhlükəsizlik Şurasına prezident özü rəhbərlik edir.
Toxunulmazlıq
Hazırda PA-nın rəhbəri Mirziyoyevin böyük qızı Səidə Mirziyoyevadır. Yəni, yeni qanunla 41 yaşlı Mirziyoyeva həm də Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini icra edəcək.
Qanunda PA rəsmiləri və idarəedici heyəti üçün ayrıca toxunulmazlıq nəzərdə tutulur. Bu toxunulmazlıq onların şəxsi həyatına, şəxsi və xidməti nəqliyyat vasitələrinə, rabitə vasitələrinə, yazışmalarına və elektron məlumatlarına, ailə üzvlərinə şamil edilir. Administrasiya vəzifəlilərinə cinayət işi açıla, onların hüquq və azadlıqlarını məhdudlaşdıran hər hansı prosessual məcburiyyət tədbiri tətbiq edilə bilməz. Onlar istintaq hərəkətlərinə çağırıla, inzibati qaydada həbs edilə bilməzlər.
Qurumun idarəedici heyəti vəzifələrinin icrası ilə bağlı olmayan hərəkət və ya hərəkətsizliyə görə məsuliyyətə cəlb edilə bilər. Amma bundan ötrü prezidentin yazılı razılığı tələb olunur.
Vəzifəli şəxslər Administrasiyadan ayrıldıqdan sonra toxunulmazlıq hüququnu ömürlük, idarəedici heyətin əməkdaşları isə beş il müddətində saxlayırlar.
Diplomatik pasport
Administrasiya vəzifəliləri və ailə üzvlərinə ömürlük biometrik diplomatik pasportların verilməsi nəzərdə tutulur. İdarəedici heyətin əməkdaşlarına sözügedən pasportlar Administrasiyadakı fəaliyyət dövrü üçün verilir.
Qanunda qurum əməkdaşları üçün Administrasiyadan gedəndən sonra işlə təminat zəmanəti də nəzərdə tutulub.
Administrasiya respublika büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşir. Onun yanında büdcədənkənar fondlar da yaradıla bilər.
Mirziyoyev Prezident Administrasiyasının rəhbəri vəzifəsini 2023-cü ilin avqustunda ləğv edib. O zaman həmin vəzifədə olan Sərdor Umurzakov sonradan xüsusi tapşırıqlar üzrə prezident müşaviri təyin olunub.
2025-ci ilin iyununda Ş.Mirziyoyev Prezident Administrasiyasının rəhbəri vəzifəsini yenidən təsis edərək qızı S.Mirziyoyevanı bu posta təyin edib. O, bundan əvvəl prezidentin köməkçisi, daha əvvəl isə PA-da sektor müdiri vəzifəsində çalışıb.
Müşahidəçilərin fikrincə, Mirziyoyevanın sürətli karyera yüksəlişi onu göstərir ki, Özbəkistan prezidenti övladlarını gələcəkdə yüksək vəzifələrə hazırlayır.