Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml Əliyevin Ukraynaya dəstəyini yanlış sayır. "İzah edəcəyik"

Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə dəstək bildirən mövqeyini yanlış sayır. Bunu Kremlin sözçüsü Dmitri Peskov iyulun 14-də bildirib.

"Hesab edirik ki, bu mövqe yanlışdır. Və bütün kanallar vasitəsilə ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik ", – Peskov deyib.

Peskov əlavə edib ki, Rusiyanın tərəfdaşı olan bir sıra ölkələr Moskvanın qəti razılaşmadığı mövqe tuturlar: "Bununla yanaşı hesab edirik ki, bu məsələ ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün əsas deyil. Burada biz praqmatik yanaşmaya üstünlük veririk".

"Münasibətlərimizi hərtərəfli inkişaf etdirməliyik, xüsusilə də Azərbaycan kimi ölkə ilə", – Kremlin sözçüsü vurğulayıb.

Prezident İlham Əliyev bir gün öncə Şuşa Beynəlxalq Media Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualına cavabında Ukraynaya işğalla barışmamağı tövsiyə edib. Prezident ötənilki forumda da oxşar fikir səsləndirmişdi.

“Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz”, – İ.Əliyev deyib.

Ötən həftə, iyulun 6-da Azərbaycan XİN Rusiyanın Bakıdakı səfirini çağırıb, Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə bağlı Rusiyaya rəsmi etiraz notası təqdim olunub. Ötən il də Ukraynadakı Azərbaycan obyektləri bir neçə dəfə Rusiyanın zərbəsinə tuş gəlib. Bu həm də Bakı ilə Moskvanın münasibətlərindəki gərginlik fonunda baş verirdi.