Pentaqon qırıcı təyyarə sürəti ilə hərəkət edən UNO barədə sənədlər yayıb
24 Oktyabr 2026
ABŞ-da hüquq-mühafizə orqanlarının əməkdaşları 2026-cı ildə qırıcı təyyarə sürəti ilə hərəkət etdiyi bildirilən uçan naməlum obyekt (UNO) müşahidə ediblər.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin məxfilikdən çıxararaq yayımladığı sənədlərdə məlumat verilib.
Hesabatlardan birinə əsasən, federal hüquq-mühafizə orqanlarının əməkdaşları tutqun qara rəngli, üçbucaq formasında naməlum obyekt qeydə alıblar.
Şahidlərin sözlərinə görə, obyekt təxminən 10 saniyə ərzində şaquli istiqamətdə yüksəlib, daha sonra dağ silsiləsi üzərində 60–90 metr hündürlükdə təxminən 20 saniyə hərəkətsiz qalıb. Bundan sonra isə qəfil sürətlənərək ərazidən uzaqlaşıb.
Müşahidəçilər obyektin qırıcı təyyarə sürəti ilə hərəkət etdiyini, lakin heç bir səs çıxarmadığını bildiriblər.
Sənəddə qeyd olunub ki, obyektin qanad açıqlığı 4–4,5 metr, uzunluğu 1,8–2,7 metr, qalınlığı isə təxminən yarım metr olub.
Pentaqon ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) da həmin obyektlə bağlı oxşar məlumatların yer aldığı hesabatını dərc edib. Sənəddə obyektin istilik şüalanmasının qeydə alındığı vurğulanıb. Bununla belə, hadisənin dəqiq yeri və tarixi açıqlanmayıb.
ABŞ Müdafiə Nazirliyi bildirib ki, bu, naməlum uçan obyektlərlə bağlı məxfilikdən çıxarılaraq ictimaiyyətə təqdim edilən yeddinci sənəd paketidir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevral ayında hökumətin ehtimal edilən yerdənkənar həyat formaları və naməlum uçan obyektlərlə bağlı sənədləri açıqlayacağını vəd etmişdi. İlk sənədlər paketi mayın 8-də yayımlanıb.
Qeyd edək ki, yayımlanan hesabatlar obyektin mənşəyini müəyyənləşdirmir və onun yerdənkənar mənşəli olduğunu təsdiqləmir.