Korrupsiyaya qarşı idarə: 1.4 milyon manat dəyərində əmlaka həbs qoyulub
17 İyul 2026
Bu il Baş İdarə üzrə aidiyyəti dövlət qurumlarına 67 təqdimat göndərilib, 34 halda vətəndaş və vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2026-cı ilin birinci yarımili ərzində görülmüş işlərlə bağlı iyulun 16-da keçirilən müşavirədə bildirilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin açıqlamasına görə, əməliyyat qurumları 38 cinayət işi başlayıb. 13 şəxs tutulub, habelə axtarışda olan şəxslərdən 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Müşavirədə o da deyilib ki, hesabat dövründə Baş İdarənin İstintaq idarəsi 108 şəxs barəsində 78 cinayət işinin ibtidai istintaqını tamamlayıb: “102 şəxs barəsində 54 cinayət işi ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib”.
Qeyd edilib ki, hesabat dövründə ibtidai istintaqı başa çatdırılmış və maddi ziyanla əlaqəli cinayət işləri üzrə özgə əmlakına vurulmuş 3 milyon 836 min 191 manat ziyanın ödənilməsi təmin olunub.
“Bundan başqa 4 cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 1 milyon 412 min 345 manat dəyərində əmlak üzərinə həbs qoyulub”, – məlumatda əlavə edilib.
Bu ilin əvvəlində isə bildirilmişdi ki, 2025-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 27 milyon 439 min 745 manat məbləğində əmlaka həbs qoyulub. Ötən il baş idarə 174 şəxs barəsində 104 cinayət işini məhkəmələrə göndərib: "Ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub".
Xatırlatma
Azərbaycanda bir çox müxalifət partiyaları Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətindən heç də razı deyillər. Onların fikrincə, idarə ciddi və köklü korrupsiya hallarının üzərinə gedə bilmir, ya xırda, ya da gözdən düşən məmurlar məsuliyyətə cəlb edilirlər. Bu vəziyyəti onlar ölkədə siyasi iradənin olmaması ilə izah edirlər. Hərçənd rəsmilər bunun əksini söyləyirlər.
Eyni zamanda aparılan istintaqların da şəffaf olmadığı, verilən şikayətlərin də obyektiv araşdırılmaması ilə də bağlı iddialar səslənməkdədir.
Üstəlik, korrupsiyaya yol verdiyi bildirilən bəzi məmurların "maddi ziyanın ödənilməsi" nəticəsində uzunmüddətli həbslərdən kənarda qalması halları da cəmiyyətdə əlavə mübahisələrə səbəb olur.