Logo
news content
User
Kateqoriyalar

Xəbər

Keçmiş hakim 4700 manatlıq pensiyadan narazı qaldı: 7500 manata qaldırıldı

Daha bir keçmiş hakim ona verilən 5 min manata yaxın pensiyadan narazı qalıb. Bu dəfə şikayətçi 15 ildən çox Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışmış, ötən il 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilən Cahangir Yusifovdur.

AzadlıqRadiosunun məlumatına görə, C.Yusifov 2025-ci ildə yaş həddi ilə əlaqədar vəzifəsindən çıxarılanda ona 4 min 700 manat pensiya kəsilib. Dövlət Sosial Müdafiə Fondu ona hakim işləyərkən aldığı orta aylıq əməkhaqqının (8 min 76 manat) təxminən 58 faizi qədər əmək pensiyası təyin edib.

O isə hesab edib ki, pensiyası az hesablanıb. Məbləğin artırılması tələbiylə öncə Dövlət Sosial Müdafiə Fonduna, ardınca da məhkəməyə üz tutub. Tələbi isə pensiyasının 8 min 200 manata qaldırılması olub.

18 il hakim işləyib

C.Yusifov 30 ilə yaxın iş stajı olduğunu, bunun da təxminən 18 ilini hakim vəzifəsində çalışdığını vurğulayıb. O düşünür ki, apellyasiya məhkəməsinin hakimi işlədiyi zaman aldığı maaşın 80 faizi, özünün pensiya kapitalı, üstəlik, aylıq pensiya məbləğinin 10 faizi qədər hakimlərə ödənilən maddi yardım nəzərə alınaraq ümumi məbləğ yenidən hesablanmalıdır.

Fond məhkəmədə də mövqeyindən geri çəkilməyərək sabiq hakimin iddiasına etiraz edib.

Amma məhkəmə çəkişməsi C.Yusifovun xeyrinə başa çatıb. Bakı İnzibati Məhkəməsi iyul ayında onun pensiyasının artırılması barədə qərar qəbul edib. "Pensiya məbləğinin 10 faizi qədər hakimlərə maddi yardım" hissəsində onun istəyinə "yox" deyilsə də, qalan hissələrdə onun iddiası təmin edilib. Beləliklə, C.Yusifovun pensiyasının təxminən 7 min 500 manat olmasına qərar verilib.

66 yaşlı C.Yusifov 2007-ci ildən məhkəmə hakimi olub. O, 2007-2010-cu illərdə Bakının Nizami rayon Məhkəməsində fəaliyyət göstərib. 2010-cu ildən 2025-ci ildə pensiyaya göndərilənədək isə Bakı Apellyasiya Məhkəməsində inzibati mübahisələrlə bağlı qərarlar verib.

Keçmiş hakim: "Gecələr, sutkalarla işləmişəm"

Yaş həddi ilə əlaqədar vəzifədən çıxarılan məhkəmə hakimlərinə təyin edilən pensiyanın məbləği Azərbaycanda orta statistik pensiyaçılarla müqayisədə dəfələrlə çox olmasına baxmayaraq, onlar narazı qalırlar. Bir çoxu pensiyanın məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət edirlər. Onların arasında Azad Məcidov, Ənvər Seyidov, Ülvi Mayılov, Vladimir Ruvinov, İlqar Murquzov, İradə Həsənzadə və başqaları var. Məhkəmələr keçmiş hakimlərin hamısının iddialarını təmin edib.

Onların arasında adları zaman-zaman ictimai-siyasi fəallar, tənqidçi jurnalistlər haqqında çıxarılmış hökmlərdə hallanan hakimlər də var.

Hazırda Azərbaycanda minimum əmək pensiyası 320 manat, əmək pensiyalarının orta aylıq məbləği isə 594 manatdır. Bu üzdən yüksək məbləğdə pensiyadan narazı qalan hakimlərlə bağlı məsələlər sosial mediada da müzakirə mövzusu olur.

Keçmiş hakimlərdən A.Məcidov "Kazusmedia" internet kanalına müsahibəsində buna etirazını bildirib: "Görürsən ki, sosial şəbəkələrdə "hakim Azad Məcidov üçün filan məbləğ azlıq elədi" yazırlar. Birincisi, sənin nə ixtiyarın var ki, mənim maaşımı deyəsən. İkincisi, mən uzun illər istintaq orqanlarında çalışmışam, ağır işlər aparmışam. Gecələr, sutkalarla işləmişəm. Rayonlarda aylarla qalmışam, çətin şəraitdə çalışmışam".