Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranlı tələbə: “Bu ölkədə, sadəcə, ölüncə azad olursan....”


İranda əxlaq polisi tərəfindən saxlanmış Məhsa Əmininin üç gün sonra müəmmalı şəkildə vəfatı ölkəni etirazlar dalğasına bürüyüb.





İran hakimiyyəti bu etirazlara görə, “xarici qüvvələri” günahlandırıb və bildirib ki, etirazların qarşısı sərt şəkildə alınacaq.





BBC News Azərbaycanca bəzi İran vətəndaşları arasında ilə ölkədəki vəziyyət barədə danışıb və onlardan Ali dini rəhbəri Əli Xameneyinin etirazlara görə ABŞ və İsraili günahlandırması, hakimiyyətin qadınlara baş örtüsü ilə bağlı azadlıqlar verə bilib-bilməməsi və onların İranda nələrin dəyişməyini istədikləri ilə bağlı sorğu keçirib.





Müsahiblərin ad və soyadları onların xahişi ilə şərti ad və soyadlarla əvəzlənib.




“Bütün ölkə insanlarına azadlıq istəyirəm”




Mazandarandan olan 20 yaşlı tələbə Mərcan Nəfisi hesab edir ki, İran “rejimi ABŞ və İsraili düşmən kimi xəyali olaraq uydurub, halbuki əsas düşman bunlar özüdür”.





“Mən şəxsən qadınlara yox, bütün ölkə insanlarına azadlıq istəyirəm”, -Mərcan Nəfisi deyir.





Lakin onun dəyişikliklərə ümidi azdır. Mərcan düşünür ki, ölkədə “molla rejimi olduğu müddətcə heç bir şey dəyişməyəcək”.





Tehrandan olan tələbə, 24 yaşlı Şirin Rəsai “düşməni” uzaq ABŞ-da yox, ölkədə görür:





“Azadlıq bir insanın ən yüksək istəyi və xəyalıdır. Qadın olaraq doğuşumdan bəri onun nə olduğunu yaşamadım və bilmədim. Amma olmasını istərdim. Ah ki bu ölkədə, sadəcə, ölüncə azad olursan....”, Şirin Rəsai deyir.





O bildirir ki, indi bir şey istəyir: "hazırki siyasi sistem dəyişsin".





İranda “qadın-kişi ayrı-seçkiliyi”, Qərbdə “namus məsələsi yoxdur"




51 yaşlı Ruhullah Kərimiyan İsfahanda ticarətlə məşğuldur.





O hesab edir ki, indiki İran gəncləri ABŞ-ın necə “böyük şeytan” olduğunu bilmirlər. O vurğulayır ki, ABŞ indi "dünyanı qarışdırır".





“Əlbəttə, bu iğtişaşların arxasında Qərb, xususilə ABŞ var. İndi milli birlik zamanıdır. Xainlər də öz cəzasını almalıdır”.





Ruhullah Kərimyanın fikrincə, İranda qadın-kişi ayrı-seçkiliyi yoxdur:





“Qərb dünyası müsəlmanların onlar kimi yaşamasını istəyir. Üzr istəyirəm, namus məsələsi onlarda yoxdur, amma bizdə var”.





O, ölkədə işsizlik və iqtisadı çətinliklər olduğunu deyir, amma bunun günahını ABŞ-da görür. Ruhulla Kərimyan deyir ki, bankları yandırmaq yerinə, “rəhbərin (Xameneyi-red.) buyurduqları hərfiyən yerinə yetirilməlidir”.





İran-İraq müharibəsi qazisi, 59 yaşlı Əli Munesi öz keçmişini təəssüflə xatırlayır:





“Hardasa, 20 yaşım vardı, cəbhəyə getdim və 2 il sonra qazi oldum. O zaman bizə “ABŞ, SSRİ, İsrail, ingilis və bütün Qərb dünyası düşməndir” dedilər. Mən də saf və cavandım, inandım. Sən demə, bunların özünü ingilis və ABŞ özü gətirib və istədikləri zaman aparacaq. O baxımdan, bəli, ABŞ və onun müttəfiqləri dövlətin yox, xalqın düşmənidir. Peşmanam, peşmanam və min peşmanam. Ömrüm və sağlamlığım bu allahsızların yolunda getdi”.





O hesab edir ki, indiki hakimiyyətin dərdi başörtüyü deyil.




“Bu gün kimin imkanı varsa, İrandan qaçır”








İranda küçədə gəzən qadınlar








Tehrandan olan maşın təmiri ustası 45 yaşlı Salman Şükrünün hazırda ölkəsindəki siyasi sistemin "düzələcəyinə heç ümidi yoxdur".





O, ABŞ və İsrailin İrana “dost və ya düşmən olduğunu bilmədiyini” deyir. “Siyasətdə pul və mənfəət var, nə dostluğu?” - o sual edir.





 “Bu gün kimin imkanı varsa, İrandan qaçır. Bu ölkəni də ABŞ və İsrail idarə etmir, mollalar idarə edir. Ona görə düşmənin kim olduğu bəllidir. Bütün məsul şəxslərin uşaqları düşmən dedikləri ABŞ-dadır”, - Salman Şükrü söyləyir.





“Mənim bu sistemin düzələcəyinə inamım yoxdur, qalsın hicab-micab məsələsi. Ac qarnın imanı olmaz. Bağışlayın, toplumda o qədər təhlükə var ki! Uşaqlarımızı təkbaşına baqqala göndərmək olmur. Cib telefonumu əlimdə saxlamaqdan çəkinirəm. Budur bunların islamı və dini?! Sadəcə biz (İran) deyil, bütün Yaxın Şərqi zibilə salıblar. Bunlarla dəyişiklik olmaz” - o deyir.









İranda küçədə həmrəylik nümayiş etdirən sakinlər








“Azadlığı bir qadın olaraq hər mənada istəyirəm”




Kərəcdən olan 22 yaşlı Şima Mirzadə işsizdir.  O, azadlığı təkcə başörtüsüz yox, bir qadın olaraq hər mənada istədiyini deyir:





“Daha əvvəl bu rejimin islahatla düzələcəyinə inanırdım, təəssüf ki, son illərdə inanmıram. Bunların İŞİD və Taliban-dan fərqi yoxdur və getməyincə heç bir şey düzəlməz”.





Urmiyalı 46 yaşlı Sima Nəsrullahi müəllimədir. O deyir ki, İranda artıq “heç kim molla rejimini istəmir”.





Onun fikrincə, “Xameneyinin ABŞ və İsraili günahlandırması bir oyundur”.





Azadlığın, sadəcə, hicab məsələsi olmadığını deyən Sima Nəsrullah hesab edir ki, adi insanlar üçün sadə görünən örtük qadağasının aradan qaldırılması İslam rejimi üçün “böyük bir inqilab sayılardı”.





O  isə bu dəyişiklik üçün qan tökülməsinin, vətəndaş müharibəsinin əleyhinədir: “Amma bu dövlətin hakimiyyətdə qalmasını da istəmirəm. Ancaq bu siyasi rejim eynı anda həm daxili, həm də xarici basqı olarsa, gedər. Yoxsa heç cür mümkün deyil, ölkə Şimali Koreya kimi olacaq”.