Baş Prokurorluq: Əhməd Əhmədovun cinayət məsuliyyətindən azad edilməsi onun azad edilməsi demək deyil
11 Oktyabr 2024
“Əhməd Əhmədovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun, ümumiyyətlə, azad edilməsi demək deyil”.
Bu sözləri Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov deyib.
O qeyd edib ki, cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilib və hər iki ekspert rəyi ilə Əhmədov Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən "Şizofreniya paranoid forma, hallüsinator - paranoid sindromla təzahür edən kəskin psixotik hal" növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib: “Eyni zamanda hal-hazırkı psixi vəziyyətinə görə, Əhməd Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.
Cinayət məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər”.
Orxan Səmədov bildirib ki, qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına, məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır: “Məhkəmənin yekun qərarına əsasən psixi pozuntusu olan Əhmədov Əhməd Mehman oğluna CM-nin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Əhmədov Əhməd Mehman oğlunun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil. Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarlarına yerləşdiriləcək”.