İranın Səravan şəhərində silahlı toqquşmaların baş verdiyi bildirilir
24 Sentyabr 2026
İran mediasının məlumatına görə, ölkənin cənub-şərqindəki Səravan şəhərində təhlükəsizlik qüvvələri ilə kimliyi açıqlanmayan silahlılar arasında şiddətli döyüş baş verib.
Toqquşmanın yerli vaxtla saat 13:00 radələrində, Sistan-Bəlucistan əyalətində yerləşən Səravanın Cihadabad rayonunda başladığı bildirilir.
“Haalvsh” hüquq müdafiə və media qurumunun yayımladığı videolarda davamlı atəş səsləri eşidilir, təhlükəsizlik qüvvələrinin toqquşma yerinə aparan yolları bağladığı görünür. Digər görüntülərdə ərazi üzərində dronun uçduğu, məhəllədən qatı tüstü qalxdığı, binanın yandığı əks olunub.
Bu videolar müstəqil şəkildə təsdiqlənməyib.
İranın dövlət mediası və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bildirdiyinə görə, təhlükəsizlik qüvvələri “terrorçu” qrupu hədəfə alıb. Onların iddiasına görə, qrup sui-qəsd hazırlayırmış, lakin vətəndaşlardan alınan məlumat əsasında aşkarlanaraq hədəfə götürülüb.
Məlumatlara görə, qrupun beş üzvü öldürülüb, digərləri həbs edilib, silah və sursat ələ keçirilib. SEPAH öz əməkdaşlarından birinin öldürüldüyünü bildirib.
AzadlıqRadiosu bu məlumatları müstəqil mənbələrdən təsdiqlədə bilməyib.
Pakistan və Əfqanıstanla həmsərhəd Sistan-Bəlucistan əyalətində əhali əsasən bəluclardan ibarətdir. İranın qalan hissəsindən fərqli olaraq, əyalət sakinlərinin əksəriyyəti sünni müsəlmandır.
Bəluc silahlı qrupları bu əyalətdə uzun illərdir üsyan edir. Silahlılar tez-tez İran dövləti ilə əlaqəli şəxsləri hədəfə alırlar. Sentyabrın 14-də kimliyi bilinməyən şəxslər əyalətin mərkəzi Zahidanda hökumətyönlü sünni bəluc din xadimi Yusif Qorcici evinin qarşısında qətlə yetiriblər.