Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrandan mümkün qaçqın axını. Orta Asiya narahatdır

Mənbə: Azadlıq Radiosu

Artıq iki həftədən çoxdur ABŞ və İsrail İrana hava zərbələri endirir, ölkədə milyonlarla insan evindən didərgin düşüb. Qonşu ölkələr isə mümkün qaçqın axınının humanitar böhran yarada biləcəyindən narahatdır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR) bildirib ki, regionda potensial humanitar ehtiyaclara hazırlaşır, 3.2 milyon insan İran daxilində məcburi köçkünə çevrilib, çoxu Tehrandan qaçır. Martın 13-də Tehran münaqişənin ən ağır bombardmanına məruz qalıb.

İranın qonşularının çoxu, o cümlədən Azərbaycan sərhədləri bağlayıb, yalnız üçüncü ölkə vətəndaşlarının tranzitinə şərait yaradır.

UNCHR-in Orta Asiya üzrə təmsilçisi Mahir Səfərli AzadlıqRadiosuna deyib ki, qurum vəziyyətin gərginləşməsinə hazırdır: “Orta Asiya hökumətləri ilə yaxından koordinasiya edir, durumu izləyirik, humanitar ehtiyacla böyüyürsə, effektli reaksiya veririk".

İrana qayıdanlar da var

UNCHR indilik qaçqın axınının idarə olunduğunu bildirir. Türkiyə ilə sərhəddə İranı gündə təxminən 1300 nəfər tərk edir. Bəzi günlər daha çox İrana gələn olur, nəinki gedən. Onlar ya əmlaklarını qorumağa qayıdırlar, ya da xərclərə görə başqa yerdə uzun müddət qala bilmirlər.

Ermənistanla sərhəddə İrandan çıxanların dediyinə görə, hakimiyyət yalnız əcnəbilərə və ikili vətəndaşlığı olanlara çıxmağa icazə verir.

"Hər şeyi itirmişik. İranda heç nə qalmayıb... Vəziyyət yaxşı deyil", – bir qaçqın AzadlıqRadiosuna deyib.

Səfərli UNCHR-in ən çox Özbəkistanın cənubundakı Termezdə hazırlıq gördüyünü deyib. Bu hab sərhəddə 2021-ci ilin oktyabrında, Əfqanıstanda humanitar vəziyyətlə əlaqədar qurulub, çadırlar, yorğanlar, döşəklər, mətbəx avadanlıqları ilə təchiz olunub.

Aşqabadın "qəti" əmri

İranın Türkmənistanla sərhədi 1148 kilometrdir. Dörd sərhəd keçid məntəqəsi üçüncü ölkə vətəndaşlarının təxliyəsi üçün açıqdır.

Türkmənistan sərhəd rəsmilərinin AzadlıqRadiosunun türkmən xidmətinə dediyinə görə, sərhədi keçmək istəyən İran türkmənlərinin sayı artır.

"Sərhədə yaxınlaşanların bəziləri müvəqqəti sığınacaq istəyib. Aşqabaddan qəti göstəriş almışıq ki, İran vətəndaşlarını Türkmənistana buraxmayaq. Mühafizəni gücləndirmişik, nəzarət üçün dronlardan istifadə edirik", – Türkmənistan sərhəd rəsmisi anonimlik şərti ilə deyib.

Həmin rəsmi Türkmənistanın hərbi imkanlarının məhdud olduğunu, ölkənin öz vətəndaşlarının çörəyini çatdıra bilmədiyini əlavə edib.

İran-İraq müharibəsi vaxtı, sonradan az sayda etnik türkmən Türkmənistana müvəqqəti keçə bilib.

İranda məcburi köçkünlük

BMT İranda məcburi köçkünlərin, əsasən, şimala üz tutduğunu bildirir. Ailələr qohumlara, dost-tanışa üz tuturlar.

Qəfil insan axını İranın yoxsul, iqtisadi baxımdan təcrid olunmuş regionunda ərzağa, vacib mallara tələbatı yüksəldib. Bəzi məhsulların 10 dəfəyədək bahalandığı deyilir.

Səfərli deyir, indilik, ailələrin çoxu İranda qalıb, amma qaçqın axını başlarsa, qonşu ölkələrin qoruma təmin etmək öhdəliyi var. Onun sözlərinə görə, UNCHR ölkələri beynəlxalq qoruma üçün üz tutanları ölkələrinə buraxmağa, gərəkən hüquqlarını və xidmətləri təmin etməyə çağırıb.

Yazını AzadlıqRadiosunun özbək xidmətinin jurnalisti Zamirə Eşanova və radionun türkmən xidməti hazırlayıb.