İnanc və azadlığın kəsişmə nöqtəsi: Sözün hüdudları harada bitir?
31 İyul 2026
Sosial şəbəkələrdə İslam dini, ateizm mövzularında müzakirələr təşkil edən "Çevik" təxəllüslü bloqer Məqsəd Bağırov və Üzeyir Abbasın həbsi birmənalı qarşılanmayıb. Bir qisim hesab edir ki, sözə, fikrə görə kimisə həbs etmək ifadə azadlığının pozuntusudur. Digər kəsim isə düşünür ki, bloqerlər dini inanclı şəxsləri təhqir ediblər və cəzalandırılmalıdır.
Onlar İnzibati Xətalar Məcəlləsinin 510.2 maddəsi ilə təqsirli bilinib. Bu maddə internetdə ictimai mənəviyyatı təhqir edən, əxlaqsız ifadə və jestlər işlədən, həmçinin milli-mənəvi dəyərlərə zidd şəkildə bədən hissələrini nümayiş etdirən şəxslərin inzibati məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Cəzası isə 500 manatdan 1000 manatadək cərimə, yaxud da 1 aya qədər inzibati həbsdir.
Bloqer Bağırov özünü təqsirli bilib
47 yaşlı Ü.Abbas "Facebook" hesabında çadralı qadınının təsvirini süni intellekt vasitəsilə öz fotosu ilə montaj edərək paylaşıb və dini inanclı şəxslərin hisslərinə toxunan fikirlər yazıb. Onun haqqında Səbail rayon Məhkəməsində həbs qərarı çıxarılıb.
31 yaşlı M.Bağırov isə Qəbələdə hakim önünə çıxarılıb. O, "TikTok"da canlı yayım zamanı nalayiq ifadələr işlətməkdə ittiham olunub. İddia olunur ki, bloqer Qarabağ döyüşlərində həlak olmuş şəxslərdən birinin ailə üzvünü təhqir edib.
Bloqer Bağırov özünü təqsirli bilib. Deyib ki, dini mövzuda müzakirə getdiyindən ateizmdən danışdığına görə canlı yayıma qoşulanların ona qarşı aqressiyası vardı: "Müzakirə gedəndə həmin şəxs də yayıma qoşulub, məni təhqir etdi. Mən də qarşılıq verdim. Şəhid ailəsi olduğunu bilməmişəm. Şəhidin qardaşı olduğunu biləndən sonra növbəti gün canlı yayımda üzr istəmişəm. Peşmanam".
Sui-istifadə hallarına "açıq qapı"
2026-cı ilədək Azərbaycan qanunvericiliyində, ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsinin 510.2 maddəsi yox idi. 2025-ci ilin dekabrında Məcəlləyə dəyişiklik edilib və bu maddə əlavə olunub.
Hüquqşünas Səməd Rəhimli bu maddənin sui-istifadə hallarına "açıq qapı" qoyduğunu düşünür. Onun sözlərinə görə, "milli-mənəvi dəyərlərin pozulması" geniş anlayışdır, konkret nəyin nəzərdə tutulduğu qeyri-müəyyəndir.
Bloqerlərin həbsini AzadlıqRadiosuna şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, bu məsələdə söz azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilməz: "Çoxsaylı müraciətlər olurdu ki, bu insanlar digər insanların etiqad azadlığına toxunur. Ona görə də burada söz azadlığından söhbət gedə bilməz. Tənqid ola bilərdi, müxtəlif fikirlər səsləndirilə bilərdi. Amma davamlı olaraq bu istiqamətdə təbliğat aparmaq, insanların inancını ələ salmaq və təhqir etmək yolverilməzdir. Bir daha qeyd edirəm ki, bu, nə demokratiyadır və nə insan azadlığı".
"İfadə azadlığı dözümlülük tələb edir"
Hüquqşünas Yalçın İmanov isə deyir ki, bu cür hadisələrə qiymət verərkən mütləq ifadə azadlığının digər hüquqlarla toqquşduğu sərhədlərə, incə balansa diqqət yetirilməlidir. Onun sözlərinə görə, Avropa Məhkəməsi də işi araşdırarkən konkret situasiyadan asılı olaraq dəyərləndirir. Hüquqşünas vurğulayıb ki, ifadə azadlığı vacibdir, lakin müəyyən hallarda ona müdaxiləyə yol verilir: "Milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş, sağlamlığın qorunması, digər şəxsin nüfuzunun qorunması, cinayətin qarşısının alınması kimi məqsədlərlə məhdudlaşdırmaya yol verilir. Əlbəttə ki, məhdudlaşdırma sui-istifadə xarakteri daşımamalıdır. Məhdudlaşdırma üçün üç əsas test var: qanunda nəzərdə tutulması, demokratik cəmiyyətdə zəruriliyi, legitim məqsəd daşıması. Bunlar çox vacibdir".
Y.İmanov əlavə edib ki, cəzalandırılan bloqerlərin populyarlığı, paylaşımların nə dərəcədə yayılması da vacib məqamlardır. Hüquqşünas deyir ki, Avropa Məhkəməsi bunlara da diqqət yetirir: "İfadə azadlığı təkcə xoş qarşılanan fikirlərdən ibarət deyil. Əhalinin böyük qrupunu incidən, şoka salan məlumat və ideyalarla da bağlı ola bilər. Bu da dözümlülük tələb edir. Məsələn, Allahın mövcud olmaması kimi ifadələr. Bir də var, təhqir etmək. Konvensiyanın 9-cu maddəsi fikir, vicdan və din azadlığını, 10-cu maddəsi isə ifadə azadlığını ehtiva edir. Avropa Məhkəməsi də belə işlərə bu iki maddənin balansında baxır".
"Tağıyev və Hüseynov Azərbaycana qarşı"
Y.İmanov Avropa Məhkəməsinin "Tağıyev və Hüseynov Azərbaycana qarşı" qərarını yada salıb. Söhbət yazıçı-publisist Rafiq Tağı və "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun şikayəti üzrə çıxarılmış qərardan gedir.
Qəzetdə R.Tağının "Avropa və biz" adlı məqaləsində İslam dini və Məhəmməd Peyğəmbər haqqında kəskin ifadələr yer almışdı. Bu üzdən həm yazıçı, həm də qəzetin baş redaktoru haqqında Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə cinayət işi başlanmışdı. R.Tağı 3 il, S.Sədaqətoğlu isə 4 il azadlıqdan məhrum edilmişdi. Onlar 1 il 1 ay həbsdə saxlandıqdan sonra 2007-ci dekabrın 28-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
R.Tağı 2011-ci il noyabrın 19-da işdən qayıdarkən bıçaqlandı, üç gün sonra xəstəxanada həyatını itirdi. S.Sədaqətoğlu isə İsveçrəyə mühacirət etdi.
Ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində göstəriblər ki, sözügedən məqalə dini nifrət və düşmənçiliyə təhrik kimi xarakterizə oluna bilməzdi. Çünki orada yalnız Avropa və Şərq humanist dəyərləri, eləcə də insan hüquqları anlayışları kontekstində İslam və xristianlıq arasında müqayisə aparmağa cəhd olunub.
Azərbaycan hökuməti də razılaşıb ki, şikayətçilərin ifadə azadlığı hüququna müdaxilə edilib. İddia edilib ki, bu müdaxilə zəruri idi, çünki həm qanunda nəzərdə tutulub, həm də "başqalarının hüquqlarının müdafiəsi" və "ictimai asayişin pozulmasının qarşısının alınması" kimi qanuni məqsədlər güdülmüşdü: "Çünki mübahisəli məqalə dinə, xüsusilə də İslama qarşı təhqiramiz hücumlar ehtiva etmiş, dini hissləri aşağılamışdı".
Avropa Məhkəməsi isə həmin işdə ifadə azadlığının pozuntusunu tanıyıb.
Məhkəmə razılaşıb ki, "digər şəxslərin dini inanclarının tənqidi şəkildə inkar edilməsi həddini aşırsa və dini dözümsüzlüyə təhrik etmə ehtimalı yaradırsa, dövlət mütənasib məhdudlaşdırıcı tədbirlər görə bilər".
AİHM hesab edib ki, yerli məhkəmələr R.Tağı və S.Sədaqətoğlunun işində ifadə azadlığı ilə dindarların inanclarına hörmət hüququ arasında zəruri balansı qurmağa cəhd göstərməyiblər.
Dörd nəfər həbs olunub
Baş Prokurorluq bu ilin fevralında sözügedən maddə ilə altı nəfərin inzibati məsuliyyətə cəlb edildiyini, onlardan dördünün həbs olunduğunu açıqlayıb.
Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini ifadə azadlığını məhdudlaşdırmaqda, jurnalistləri həbsə atmaqda, həmçinin ölkə daxilində və xaricindəki bloqerləri təqib etməkdə günahlandırır. Hakimiyyət təmsilçiləri isə heç kəsin peşə fəaliyyətinə görə cəzalandırılmadığını iddia edir.