Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hörmüzdən keçən tanker kapitanlarına 100 min dollar təklif olunur

Neft tankerlərinin Hörmüz boğazından keçməsi üçün kapitanlara ayda 100 min dollaradək maaş, hər keçidə görə isə 50 min dollaradək bonus təklif olunur. "The Financial Times" (FT) nəşrinin oktyabrın 6-da yazdığına görə, bu təklifi gəmi sahibləri edirlər.

Qəzet tanker sahiblərinə və gəmi heyətlərinə yaxın üç mənbəyə istinadən yazır ki, bu ödənişlər boğazdan keçməyin və Körfəzdən neft ixracını davam etdirməyin yaratdığı risklərə görə əlavə kompensasiya kimi nəzərdə tutulub.

Tanker kapitanları adətən ayda təxminən 15 min dollar qazanırlar. Digər heyət üzvlərinin aylıq qazancı isə cəmi 1500 dollar ola bilər. FT-nin yazdığına görə, Qırmızı dənizin cənubunda və Oman körfəzində işləyən heyət üzvləri adi maaşlarının iki qatını, Hörmüz boğazından keçənlər isə dörd-altı mislini ala bilərlər.

Təhlükələr səbəbindən boğazdan neft daşınmasının qiyməti də kəskin artıb. FT yazır ki, yükdaşıma tarifləri gündəlik 1.3 milyon dollara çatıb. Üstəlik, bəzi tankerlər üçün müharibə riskindən sığorta haqqı hər səfərə görə 20 milyon dollaradək yüksələ bilər.

Beynəlxalq Dəniz Təşkilatı oktyabrın 6-dək Hörmüz boğazında və ətraf regionda 93 dəniz insidentinin baş verdiyini təsdiqləyib, bu hadisələrdə 24 dənizçi həlak olub.

"Kpler" analitik şirkətinin məlumatına görə, sentyabrın son həftəsində Yaxın Şərqdən gündəlik orta hesabla 18.3 milyon barel xam neft ixrac edilib. "Reuters" də sentyabrın ilk iki həftəsində ixracın müharibədən əvvəlki səviyyəni keçdiyini xəbər verib.

Hörmüz boğazından adi vaxtlarda gündə təxminən 125 iri ticarət gəmisi keçir. Dünyada daşınan xam neft və mayeləşdirilmiş təbii qazın 20 faizi məhz bu strateji boğazın payına düşür.