Fransa Kiyevə qırıcı təyyarələr və silah istehsalı üçün lisenziyalar verəcək
15 İyul 2026
Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Ukrayna 2028-2029-cu illərdə təhvil verilməsi nəzərdə tutulan 16 ədəd Rafale qırıcı təyyarəsi sifariş edib. O, Ukrayna prezidenti Volodimir Zelenski, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmerlə birgə mətbuat konfransında bu haqda danışıb.
Ukraynanın 100 ədəd Rafale qırıcısı almasına dair müqavilə hələ 2025-ci ilin noyabrında imzalanıb.
Kiyev bu silahları istehsal edə biləcək
“Radio Svoboda” yazır ki, Ukrayna həmçinin öz ərazisində Aster-30, SCALP-EG və AASM silah sistemlərinin istehsalı üçün lisenziyalar alacaq.
Aster-30 SAMP/T hava hücumundan və raketdən müdafiə sistemlərinin tərkibində istifadə olunan uzaqmənzilli zenit idarəolunan raketidir. SCALP-EG Fransa və Böyük Britaniyanın birgə istehsalı olan, Storm Shadow raketinin analoqu sayılan uzaqmənzilli qanadlı aviasiya raketidir. AASM isə adi aviasiya bombalarını daha uzaq məsafədən dəqiq hədəfə yönələn idarəolunan sursatlara çevirən Fransa istehsalı dəqiq tuşlama və mühərrik dəstidir.
Volodimir Zelenski Parisdə keçirilən "İstəklilər Koalisiyası"nın toplantısında "Fremya" adlı antiballistik sistemi və ukraynalı mütəxəssislərin onun üçün hazırladığı raketləri təqdim edib. Ukrayna prezidentinin sözlərinə görə, bu sistem ilk dəfə 2026-cı ilin sonunadək istifadə oluna bilər.
Müttəfiqlərin dəstəyi
Makron bildirib ki, Kiyevin müttəfiqləri Ukrayna ilə həmsərhəd ölkələrdə hərbi təlimlərə başlamaq barədə razılığa gəliblər. Məqsəd Rusiya ilə atəşkəs əldə olunacağı halda yerləşdirilə biləcək çoxmillətli qüvvələrin hazırlanmasıdır.
Böyük Britaniyanın baş naziri Kir Starmer isə Londonun Ukraynaya hərbi yardım üçün nəzərdə tutulan 90 milyard avroluq Avropa kredit proqramına qoşulduğunu elan edib. Bu qərar Britaniyanın müdafiə şirkətlərinə Kiyevə dəstək proqramı çərçivəsində maliyyələşdirilən müqavilələrdə iştirak imkanı verəcək.
Makron Avropa ölkələrini milli müdafiə layihələrindən imtina edərək birgə silah istehsalına üstünlük verməyə çağırıb. Bastiliyanın alınması günü ərəfəsində çıxış edən Fransa prezidenti bildirib ki, hərbi proqramların təkrarlanması Avropanın müdafiə sənayesini zəiflədir
Makronun sözlərinə görə, Avropa dronların, hava hücumundan müdafiə sistemlərinin, raketlərin və döyüş sursatlarının istehsalını sürətləndirməlidir. O qeyd edib ki, mövcud istehsal tempi artan tələbatı qarşılamır.