Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda keçmiş deputat seçiciləri ələ almaq ittihamı ilə saxlanılıb

Ermənistanda parlamentin keçmiş deputatı Martun Qriqoryan seçicilərin ələ alınması işi üzrə saxlanılıb. Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb. O, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Qriqoryan 7 iyun parlament seçkilərində "Çiçəklənən Ermənistan" Partiyasının namizədlər siyahısında olub. Amma bu partiya Milli Məclisə keçə bilməyib.

2026-cı ilin mayında hüquq-mühafizə orqanları əməkdaşları onun evində, partiyanın ofisində axtarış aparıb, sənədləri və kompüterləri götürüblər. Qriqoryan o zaman bildirmişdi ki, onlar parlament seçkiləri ilə bağlı pul köçürmələrinə dair sənədlər, qəbzlər axtarıblar.

İyulda "Çiçəklənən Ermənistan"ın lideri, milyarder Qagik Tsarukyan saxlanılıb. O, külli miqdarda dələduzluqda və çirkli pulların yuyulmasında ittiham edilib. Avqustda isə onun kürəkəni, keçmiş deputat Arqam Abramyan sifarişli qətl işi üzrə həbs edilib.

"Çiçəklənən Ermənistan"ın parlamentə keçməsi üçün cüzi səs çatmayıb. Keçmiş prezident Robert Koçaryanın "Ermənistan" bloku, milyarder Samvel Karapetyanın "Güclü Ermənistan"ı və "Çiçəklənən Ermənistan" rusiyayönlü siyasi qüvvə sayılır.

Baş nazir Nikol Paşinyan bundan əvvəl bildirib ki, "xalq üçbaşlı mafiyanı diz çökdürməyi, onu məhv etməyi tələb edir və bunun baş verməsi qaçılmazdır". AzadlıqRadiosunun erməni xidməti yazır ki, Paşinyan "üçbaşlı mafiya" dedikdə rəqibləri Koçaryan, Karapetyan və Tsarukyanı nəzərdə tutur. Ermənistanda onların barəsində cinayət işləri açılıb, Karapetyan və Koçaryanın ölkədən çıxmasına qadağa qoyulub.