Əraqçi-Uitkoff görüşü İran mühafizəkarlarını narazı salıb
24 Sentyabr 2026
Həm İran, həm də ABŞ rəsmiləri bir neçə gün idi ki, BMT Baş Assambleyası çərçivəsində müəyyən təmasların olacağını deyirdilər. Bu səbəbdən Ağ evin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçinin sentyabrın 22-də dolayı görüşməsi xəbəri ciddi təəccüb doğurmadı.
Ancaq bu, İran daxilindəki sərt xətt tərəfdarlarını narazı salıb. Onlar Məsud Pezeşkian hökumətini tənqid edir, bəziləri hətta impiçment proseduruna başlanmasını tələb edir.
Maraqlıdır ki, görüş barədə məlumat yayılandan bir neçə saat əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) danışıqları dəstəkləyən kimi görünüb. SEPAH-ın sözçüsü dövlət televiziyasına deyib ki, "danışıqlar müharibənin başqa bir tərəfidir" və ölkənin maraqları tələb edərsə, aparıla bilər.
Buna baxmayaraq, mühafizəkar kəsim təxminən yeddi aydır gedən müharibəni bitirmək üçün amerikalılarla görüşən hökuməti qınamaqda davam edir.
Pezeşkianın Nyu-Yorka getməsindən də "böyük səhv"
Bəzi mühafizəkarlar impiçment proseduruna başlanmasını tələb ediblər. AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, bu tələbin birbaşa Əraqçiyə, yoxsa Pezeşkiana qarşı yönəldiyi hələlik aydın deyil. Sosial şəbəkə istifadəçilərindən biri bu görüşü Pezeşkianın BMT Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka getməsindən də "daha böyük bir səhv" adlandırıb.
"Amerikalılarla görüşüb danışıqlar aparan varsa, yaxşı olar ki, elə orada qalsın. İran şərəfli insanların ölkəsidir", – keçmiş prezident İbrahim Rəisinin dövründə Milli Vergi Administrasiyasında çalışmış iqtisadçı Vahid Əzizi yazıb.
Mühafizəkar kəsimin tanınmış şərhçilərindən olan Möhsün Məqsudi də Vaşinqtonla "təhdid altında" danışıqlar aparmağı və bununla da neftin ucuzlaşmasına şərait yaratmağı "tamamilə ağılsızlıq" adlandırıb. Belə ki, Tehran yanacaq xərclərinin artmasının ABŞ prezidenti Donald Trampı müharibəni dayandırmağa məcbur edəcəyinə ümid bəsləyir.
Tramp isə BMT-dəki çıxışında İranla ya ortaq məxrəcə gələcəklərini, ya da bu ölkəni məhv edəcəyini deyib.
Danışıqların dəqiq nə barədə olduğu açıqlanmayıb. S.Uitkoff bu təmasların vasitəçilər vasitəsilə baş tutduğunu deyib və hər şeyin yaxşı, ümidverici olacağına inandığını bildirib. İran mediası isə yazır ki, rəsmi Tehran strateji əhəmiyyətli Hörmüz boğazını yenidən açmaq üçün öz şərtlərini qarşı tərəfə çatdırıb.
Pezeşkian sentyabrın 23-də Baş Assambleyada çıxış etməlidir. Elə həmin gün İranda yeni dərs ili başlayır. Sərt xətt tərəfdarları prezidentə çağırış ediblər ki, o, çıxışında müharibənin ilk günü – fevralın 28-də Minab şəhərində qızlar məktəbinin vurulmasına diqqət çəksin.