Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Baltik ölkələrinin Rusiya əndişəsi. Sızdırılmış məktub nələri üzə çıxarır

Baltik ölkələri Rusiyanın mümkün təcavüzü sarıdan getdikcə daha çox əndişələnir. Bu narahatlıq Azad Avropa/Azadlıq Radiosunun əldə etdiyi məktubdan da görünür.

Məktub Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə yazılıb. Onu Baltik ölkələrindən üç avrokomissar — Kaya Kallas, Andryus Kubilyus Valdis Dombrovskis, həmçinin Polşa və Finlandiyadan olan avrokomissarlar imzalayıb.

Məktub iyulun 30-da yazılıb. Bu yay Rusiyanın mümkün təcavüzü ilə bağlı dəfələrlə xəbərdarlıq səsləndirilib. Avqustun 25-də isə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya qəfil səfəri ilə narahatlıqlar kulminasiya nöqtəsinə çatıb.

Retklifin Moskva səfərinin məqsədi Kremli ABŞ müttəfiqləri, xüsusilə Estoniya, Latviya və Litvanı gərginliyi artırmamağa çağırmaq olub. Bunu səfərdən məlumatlı mənbələr avqustun 26-da radioya təsdiqləyiblər.

Avqustun 6-da “The Wall Street Journal” ABŞ kəşfiyyatına istinadla yazmışdı ki, Rusiya elə bu payız məhdud müdaxilə ilə NATO-nun qətiyyətini sınağa çəkə bilər.

AzadlıqRadiosuna anonimlik şərti ilə danışan Baltik ölkələri diplomatları yay ərzində Rusiyanın “saxta bayraq” əməliyyatları ilə bağlı əlavə kəşfiyyat məlumatlarının olduğunu təsdiqləyiblər. Amma yaxın zamanda adi hərbi hücum əlamətinin olmadığını bildiriblər.

Diplomatlara görə, belə əməliyyatlar yalnız Baltik ölkələri ilə məhdudlaşmaya bilər. Almaniya, Polşa və Slovakiya daxil bir sıra NATO ölkələrində sui-qəsd cəhdləri, yanğınlar və dron müdaxilələrində Rusiyanın ehtimal olunan rolu bu narahatlığı daha da gücləndirib.

Baltik ölkələri hazırdırmı?

AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozviyak yazır ki, ilk baxışda üç Baltik ölkəsi Rusiyanın istənilən hücumunu önləyə biləcək kimi görünür.

Hər üç ölkə NATO-nun 2035-ci il üçün hədəfinə – müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılmasına artıq nail olub və ya tezliklə nail olacaq. Avropa İttifaqı (Aİ) regionda müdafiə və təhlükəsizlik investisiyaları üçün təxminən 14 milyard dollar kredit ayırmağı vəd edib.

Baltik ölkələri, xüsusilə Estoniya qabaqcıl texnologiyaların tətbiqində də ön sıralardadır.

Estoniyanın DefSecIntel Solutions şirkətinin süni intellekt proqramı əldə edilən görüntüləri təhlil edir və bütün məlumatları vahid ekrana çıxarır. Wayren startapı isə döyüş meydanında smartfon, planşet və digər cihazları üçün məlumat mübadiləsini kənar müdaxilədən qoruyan proqram hazırlayıb.

Yaxından baxanda isə çatlar görünür.

Avropa İttifaqının növbəti yeddiillik büdcəsi üzrə danışıqlar başlayıb, Avropa Komissiyasının təhlükəsizlik və müdafiə investisiyaları üçün 145 milyard dollar ayrılması təklif edilir. Di gəl, ən böyük donor Almaniya, digər əsas töhfə verən ölkələr gələcəkdə Aİ büdcəsinin kiçilməsini istəyirlər.

Müdafiə sektorunda ixtisarların ola biləcəyi sarıdan qorxu var və bu, sızdırılmış məktubdan da görünür.

Məktubda əsas tələb əlavə maliyyələşmə ilə bağlıdır, cəbhəyanı ölkələrdə biznes və investisiya mühitini gücləndirmək üçün təxminən 115 milyard dollar ayrılmasına çağırış edilir. Müəlliflər Rusiyanın dron və digər fəaliyyətlərinin artmasına diqqət çəkirlər.

Mətndə “dron divarı”ndan bəhs edilmir. Son vaxtlar Aİ-nin əksər açıqlamalarında da bu məsələdən danışmırlar. Ötən il bu layihə geniş müzakirə olunurdu. İttifaqın bütün şərq cinahının düşmən dronlarını aşkarlamaq və vurmaq üçün sensorlar və digər sistemlərlə təchiz edilməsini nəzərdə tuturdu.

R.Yozviyak Aİ-nin maliyyələşdirdiyi Rail Baltica layihəsinin də planlaşdırıldığı kimi irəliləmədiyini yazır. Bu layihənin məqsədi Baltik ölkələrinin dəmir yollarını Polşa və Aİ-nin qalan hissəsi ilə birləşdirmək idi. İlkin hədəf dəmir yolunu bu il istifadəyə vermək idi, amma real görünmür.

“Suvalki dəhlizi”

Polşa ilə Litvanı birləşdirən, bir tərəfdən Moskvanın müttəfiqi Belarus, digər tərəfdən isə Rusiyanın Kalininqrad eksklavı arasında yerləşən dar quru zolağı “Suvalki dəhlizi” adlanır. Mütəxəssislərin fikrincə, Rusiya NATO-ya hücum edərsə, bu dəhlizi hədəfə alacaq.

Bu boşluğu kompensasiya etmək üçün Litva bu il dəhlizdə hərbi təlim poliqonunun tikintisi haqqında qanun qəbul edib. Kapçyamiestis kəndi yaxınlığında hazırlıq işlərinə artıq başlanılıb. Burada 4 minədək Litva hərbçisi və digər NATO ölkələrindən olan müttəfiq qüvvələr təlim keçə biləcək.

Latviya, Litva və Polşanın Belarusla sərhədləri də hasarlar və xəndəklərlə möhkəmləndirilir. Məqsəd həm mümkün hərbi müdaxilələrin, həm də miqrantların sərhədi keçmək cəhdlərinin qarşısını almaqdır. Bu üç ölkə Belarus və Rusiyanı 2021-ci ildən bəri dəfələrlə belə miqrasiya cəhdlərini təşkil etməkdə ittiham edir.

Amma bəziləri bu tədbirlərin kifayət edib-etməyəcəyinə şübhə ilə yanaşır. Litva Silahlı Qüvvələrinin keçmiş komandanı Valdas Tutkus da belə düşünür.

“Min yük maşını alırıq. Müdafiə xətti qururuq, amma bilirik ki, müasir müharibə tanklarla aparılmır”, — o, “Current Time”a deyib.