Bakı-Paris-Moskva üçbucağında sövdələşmə? - Əfv sərəncamının izi ilə
24 Sentyabr 2026
Prezident İlham Əliyev bir qrup məhbusun əfv edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 nəfər və azadlığı məhdudlaşdırılan bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub. Onların arasında bir neçə xarici ölkə vətəndaşı, o cümlədən Fransa vətəndaşı Rayan Martin Riçard da var.
Politoloq Cavid Əsədov AzadlıqRadiosuna deyib ki, siyasi məhbus sayılan şəxslərdən heç birinin yer almadığı əfv sərəncamı Fransa ilə Azərbaycan arasında siyasi alverin sübutudur.
Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc isə bu cür fikirləri sərəncamı gözdən salmaq cəhdi sayır.
Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvü Səidə Bənanyarlı daha geniş bir əfv sərəncamının olacağına inanır: "Bu əfv fərmanı, əslində, balaca bir fərmandır, cəmi 20 nəfərdir. Böyük bir fərmanın verilməsi bizim üçün arzuediləndir. Bu gün cəmiyyəti maraqlandıran bir çox şəxslərin azadlığa çıxmasını istərdik".
"Fransa, Azərbaycan və Rusiya arasında razılaşma ehtimalı var"
Politoloq C.Əsədov xatırladıb ki, Azərbaycan prezidenti əfv sərəncamlarını adətən xüsusi günlərdə - Novruz bayramına və ya Müstəqillik Gününə bir neçə gün qalmış imzalayır. O vurğulayıb ki, bu sərəncamla Azərbaycanda Fransanın xeyrinə casusluqda günahlandırılan Fransa vətəndaşı əfv olundu: "Bu o zaman baş verdi ki, cəmi bir gün əvvəl milyarder Alişer Usmanov məhz Fransanın tələbi ilə Avropa İttifaqının sanksiya siyahısından çıxarılmışdı. Proses göstərir ki, bağlı qapılar arxasında Fransa, Azərbaycan və Rusiya arasında bu haqda razılaşma olma ehtimalı var. Fransa öz vətəndaşının azadlığı məsələsində sanksiyalardan bir alət kimi çox çevik istifadə edə bildi. Azərbaycanda isə yerli və beynəlxalq ekspertlərin qənaətinə görə, 300-dən çox siyasi məhbus var".
Politoloqun fikrincə, yalnız Fransa vətəndaşının bu mexanizmlə azadlığa buraxılması həmin ölkənin, habelə ümumilikdə Avropa İttifaqının insan hüquqları siyasətində selektiv yanaşma və ikili standart problemini göstərir.
"Bu yanaşmanın özü siyasidir"
Deputat Z.Oruc isə Fransa vətəndaşının əfv edilməsi ilə A.Usmanov arasında bir əlaqə görmür. O iddia edir ki, məsələ kiminsə sanksiya siyahılarından çıxarılıb-çıxarılmaması deyil: "Paris-Bakı arasındakı məlum soyuqluğun, bəzən isə gərginliyin ortadan qaldırılmasıdır. Fransa-Azərbaycan münasibətləri bu addımların nəticəsində daha da yaxşılaşacaqsa, ölkəmiz əleyhinə Parisdən qaynaqlanan təzyiq siyasətlərini neytrallaşdıracaqsa, bunu yalnız alqışlamaq olar".
Onun sözlərinə görə, hətta 600-dən çox məhbusun buraxıldığı böyük əfv qərarlarına belə qərəzli yanaşılır: "Dərhal onu gözdən salmağa çalışılır. Belə çıxır ki, həmin qüvvələr yalnız onların istədiyi adamlar azadlığa çıxanda o qərarın xalqın ümumi xeyrinə olduğunu deyəcəklər. Bu yanaşmanın özü siyasidir".
Sərəncama siyasi partiyalar arasında da fərqli yozumlar var.
Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) yaxınlığı ilə seçilən "Azadlıq" qəzetinin vebsaytında bu qərar "bir nəfərə görə verilən əfv sərəncamı" kimi dəyərləndirilib.
Azərbaycan Xalq Partiyasının üzvü, keçmiş baş nazir, deputat Pənah Hüseyn isə Facebook səhifəsində yazıb ki, bugünkü əfvə münasibəti mənfi deyil. "Eyni zamanda:Gələn ayın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümüdür. Dövlət müstəqilliyimizin 36-cı ildönümünə siyasi və vicdan məhbuslarsız Azərbaycan kimi daxil olaq", - o, istəyini ifadə edib.
Hökumətə yaxın şərhçilər isə sərəncamı əsasən humanist bir addım kimi yozurlar.
Yazıda səslənən fikirlərlə bağlı Fransanın rəsmi qurumlarından münasibət öyrənmək mümkün olmayıb. Bununla belə, Paris M.Rayanın əfv edilməsi qərarını alqışlayıb.
Ölkənin Avropa və Xarici İşlər Nazirliyi (XİN) Fransa vətəndaşının azad olunmasını münasibətlərin normallaşması yolunda irəliyə doğru addım kimi qiymətləndirib.
“Bu, Fransanın alqışladığı humanitar bir jestdir”, — qurumun açıqlamasında vurğulanıb.