Azərbaycanda milyonlarla dollarlıq maliyyə pozuntusu aşkar edilib
09 Aprel 2024
Ötən il Hesablama Palatası 562.5 milyon manatlıq maliyyə pozuntusu aşkar edib. Bunun 103.2 milyon manatı dövlət büdcəsinə vurulmuş zərərdir. Bu barədə palatanın 2023-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatında bildirir.
Maliyyə pozuntuları arasında satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha gerçəkləşdirilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması göstərilir. Yoxlamaların nəticəsində bəzi dövlət qurumları ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, Hesablama Palatasının personalı və səlahiyyəti 30-35 milyard manatlıq büdcəni tam yoxlamağa yetərli deyil: "Bunun üçün palatanın statusu dəyişdirilməlidir, səlahiyyət və kadr personalı genişləndirilməlidir ki, onların büdcənin bütün vəsaitlərini yoxlamağa imkanları olsun. Bildiyimə görə, Hesablama Palatası nazirlikləri növbəli şəkildə yoxlayır. Məsələn, bu il bir komitəni yoxlayanda iki-üç ildən sonra yenə həmin komitənin növbəsi çatır, hər il onu yoxlamaq da mümkün deyil. İkincisi, palatanın abstrakt yoxlama hüququ da yoxdur ki, şikayət əsasında yoxlasın, çünki qurum istintaq orqanı deyil. Amma əldə etdikləri məlumatı istintaq orqanlarına ötürmək səlahiyyətləri var".
Ancaq Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov son illər Hesablama Palatasının əhatə dairəsinin genişləndirildiyini bildirir: "Təsəvvür edin ki, 36 milyardlıq dövlət büdcəsinin 50 faizindən çoxunu yoxlayırlar. Məxfi təşkilatlarda da müəyyən yoxlamalar aparırlar. Bu yoxlamaların nəticəsindən asılı olaraq qərar qəbul edirlər və ciddi məsələlər olanda hüquq-mühafizə orqanlarına göndərirlər".
V.Əhmədov Hesablama Palatasının hesabatlarında iri yoxlamaların olduğunu qeyd edib: "Amma palatanın əsas məqsədi məbləğ deyil. Məqsəd maliyyə pozuntuları və mühasibat uçotunun düzgün aparılıb-aparılmamasından ibarətdir. Bəzi məbləğləri məcburi şəkildə ödətdirirlər, amma bəzi məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər. 2023-cü il üzrə hüquq-mühafizə orqanlarına doqquz iş göndərilib. Mən ad çəkmək istəmirəm, böyük işlərdir. Məncə, palata tədricən fəaliyyətini daha da genişləndirəcək".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Fuad Qəhrəmanlı isə hesab edir ki, Azərbaycanda korrupsiya ilə bağlı üzə çıxarılan faktlar "dəryada damlaya bənzəyir".
Onun fikrincə, digər tərəfdən, korrupsiya ilə bağlı aparılan araşdırmalar hakimiyyətin statistika yaratmaq məqsədinə xidmət edir: "Əgər hökumət hesabatlılıqdan qaçırsa, ictimai nəzarət yoxdursa və bunu həyata keçirdiyinə görə media cəzalandırılırsa, jurnalistlər həbs edilirsə, deməli, hakimiyyət total korrupsiyanın aşkarlanmasında maraqlı deyil. Sadəcə, hansısa məmur vurulacaq. Yaxud korrupsiyaya qarşı mübarizə görüntüsü yaradıb cüzi rəqəmlər açıqlayırlar. Əslində korrupsiyanın miqyası deyiləndən qat-qat böyükdür və ölkə iqtisadiyyatının qan damarına çevrilib".
Natiq Cəfərli xatırladır ki, Hesablama Palatası hər il yüz milyonlarla manat mənimsəmələr aşkar edir: "Bəs dövlət orqanları hesabat veriblərmi ki, palatanın yoxlamaları əsasında kimlərsə həbs edilib? Maksimum vəsaitin geri qaytarılmasının təmin edilməsini eşitmişik... Nəticə etibarı ilə o fikrə gəlirik ki, Hesablama Palatası müstəqil qurum olmadığından büdcədən xərclənən vəsaitin qəpiyinə qədər hesabatını hazırlayıb onları mənimsəyənlərin cəzalandırılmasını təmin edə bilmir".