Milli Məclisdə “beş muşketyor”
Hökumət adi sosial tənqidi eşitmək belə istəmir...
28 Noyabr 2024
VII çağırış Milli Məclisin hökumətə qarşı daha “üzüyola” olacağı gözlənilirdi. Amma büdcə müzakirələrində məlum oldu ki, deputatların loyallıq səviyyəsi nə Milli Məclis rəhbərliyini, nə də icra hakimiyyətini qane edir. Çünki deputatlar hələ də problemdən, çatışmazlıqdan şikayətlənirlər, aralarında hökumətə yol göstərənlər, təklif verənlər də tapılır.
Nə baş vermişdi?
İki gün əvvəl Milli Məclisdə büdcə müzakirələri zamanı deputatlar - Səyyad Salahlı ( Aran), Siyavuş Novruzov, Jalə Əliyeva, Arzuxan Əlizadə, Razi Nurullayev müxtəlif sosial problemləri qaldırıblar.
Səyyad Aran müharibə veteranlarına ayrılan vəsaitin gülünc olduğunu deyib:
"Vətən müharibəsi veteranlarına 80 manat məbləğin verilməsi ayıbdan ayıbdır. Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir, qazilər üstümüzə gəlir. Bu, nə deməkdir axı?!”
AMİP sədri, deputat Arzuxan Əliyev deyib:
“Hesab edirəm ki, hökumətin pensiya təminatı məsələsinə yenidən baxması zəruridir. Statistikaya diqqət yetirdikdə məlum olur ki, vətəndaşlarımızın orta ömür müddəti elə də yüksək deyil. Hər il pensiyaçılarımızın sayı azalmaqdadır. Təklif edirəm ki, şəxs pensiyaya çıxdıqdan sonra öz istəyinə uyğun formada pensiya kapitalının bir hissəsinin ödənilməsi təşviq edilsin. Əgər vətəndaş dünyasını dəyişərsə, onun pensiya fondunda yığılmış vəsaiti vərəsəlik əsasında ailə üzvlərinə verilməsi qanunvericilikdə yer almalıdır.Onu da qeyd edim ki, bir sıra sahələrdə vətəndaşların pensiyaya çıxması könüllülük prinsipi əsasında olmalıdır. Xüsusən müəllim və həkimlərin 65 yaşda pensiyaya çıxması mütləq şəkildə şərtləndirilməməlidir. Onların təcrübəsindən faydalanmaq əvəzinə imperativ qaydada təqaüdə göndərilməsi nə dərəcə faydalı və ədalətdir? Daha doğru olmazdımı ki, 70 yaşa qədər onların işləməsi könüllü olsun?”.
YAP-çı deputat, Milli Məclisin komitə sədri Siyavuş Novruzov isə bildirib ki, özünüməşğulluq proqramı ilə kəndliyə iki inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Sonra o, əlillik təyinatındakı problemlərdən danışıb və s.
Deputatlar, Jalə Əliyeva və Razi Nurullayev də 5 dəqiqəlik reqlamentdə vətəndaşların müxtəlif sosial problemlərini dilə gətirməyə çalışıblar.
Beləliklə, millət vəkillərinin parlament tribunasından səsləndirdikləri məsələlər mövcud qanunvericilik sistemində vətəndaşların sosial hüquqlarını məhdudlaşdıran qaydaların aradan qaldırılmasını əhatə edib.
Bu, Milli Məclisdə görünməmiş hal deyil, əvvəlki çağırış parlamentdə deputatlar ən müxtəlif problemlərlə bağlı daha kəskin, əhatəli çıxışlar ediblər. Xüsusən, büdcə müzakirələrində vətəndaşların problemləri, bir sıra sahələrdə həyata keçirilməli olan islahatlar, vəsait çatışmazlığı və s. məsələlər gündəmə gətirilib. Parlament rəhbərliyinin deputatların təklif və iradlara münasibəti normal olub.
Amma yeni çağırış Milli Məclisdə ilk müzakirələr rəhbərlik tərəfindən süngü ilə qarşılanıb. Spiker Sahibə Qafarova büdcə müzakirələrinin ikinci günü tənqid və iradlara sərt reaksiya verərək, deyib: “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?”.
Bir gün əvvəl veteranların problemlərini dilə gətirən Səyyad Aran isə bu dəfə əks mövqeyi ilə həmkarlarını və jurnalistlərini heyrətləndirməyi bacarıb:
"İnkişafımız misilsiz şəkildə hamımızın gözü qarşısındadır. Burda bəzi məsələləri qaldırmaqda məqsədim bəzi xırda-para nöqsanları gün işığına çıxartmaqdır. Bunu ona görə edirik ki, əlaqədar nazirliklər bunu görüb, bir az aktiv fəaliyyət göstərsinlər ki, səhvlərimiz olmasın”.
S.Aran qeyd edib ki, camaatın vəziyyəti yaxşıdır: “Gözləyirlər ki, dövlət insanlara pul, traktor versin. Gedin, 10 nəfər yığışın traktor alın, heç kimə də minnət eləməyin. Əsas yeri qazmaqdır, dövlət toxumu, subsidiyanı verir. Sən tənbəlsən, indi nə edək? İzah edirik, sonra başa düşürlər. İnkişaf etmiş çoxlu fermer də var. Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır”.
Amma deputatın üzr-çıxışı Sahibə Qafarovanı qane etməyib: “Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil”.
Dünən AzTV və bəzi özəl telekanallar da deputatların sərt tənqid edərək, onların sosial problemlərdən danışmasını qınayıblar. Verilişlərdən birində aparıcı tənqidçi deputatların “xalq tərəfindən geri çağırıla biləcəkləri” barədə xəbərdarlıq etməsi xüsusi ilə diqqət çəkib.
Deputat Səyyad Aran Pressklub.az-a deyib ki, telekanalların tənqidi ilə razı deyil. O, suala bir kəlmə “elə deyil” cavabı verməklə kifayətlənib. “Siz daha əvəl də parlamentdə təmsil olunmusuz, yeni çağırış Milli Məclisdəki ab-hava ilə hansı fərqlər var” sualına deputat qısa cavab verib: “Hər şey normaldır, heç bir problem yoxdur...”
Başqa millət vəkilləri isə gün ərzində telefon zənglərini cavablandırmayıblar.
Deputatların sosial problemlərdən danışması onların hər gün cəmiyyətdən aldıqları sosial mesajlarla bağlıdır. Onların bəziləri seçicilərlə görüşür, qəbula gələnləri dinləyir və ən yumşaq ifadələrlə onların problemlərini səsləndirməyə çalışırlar. Çünki ölkədə sosial vəziyyət ağırdır, ədalətsizlik insanları əzir, səsləri artıq heç bir tribunada eşidilmir. Deputat vətəndaşla-dövlət arasında sınıq-salxaq olsa da, körpü olaraq qalıb...
Beləliklə, Milli Məclis rəhbərliyinin, dolayısı ilə hökumətin parlamentdən narazı səslər eşitməkdən narahat olması aydındır. Millət vəkilllərinin ən sərt formada qınanması, media vasitəsi ilə onların “düşmən elan olunması”, mandat məhrum ediləcəkləri barədə xəbərdarlıq edilməsi yeni situasiyadan xəbər verir. Ehtimal ki, bundan sonra parlamentdə danışmaq istəyən deputatlar yüz ölçüb-bir biçməlidirlər. Çünki adi sosial tənqid hökumətdə artıq qəbul edilmir, “özfəaliyyət”, “reytinq qazanmaq” kimi yozulur.
Beləliklə, təəssüf ki, hökumət sınıq-salxaq “deputat körpüsünü” bərpa etməkdə deyil, uçurmaqda maraqlı görünür. Tənqid, şikayət eşitməməklə, onu dilə gətirən ağızları yummaqla problemlər həll olunacaqmı? Təəssüf ki, tarixdə belə nümunə mövcud deyil…
Turqut