Logo
news content
User
Kateqoriyalar

Araşdırma

“Xaricnişinlər”: Onları birləşdirən yeganə şey Xameneiyə nifrətdir
Mühacirətdəki İran müxalifətinin yarım əsrlik təcrübəsi nələri öyrətdi...

İslam inqilabından keçən az qala yarım əsr ərzində İran mühacirəti, demək olar, hər şeyi sınaqdan keçirib: müxalifətə xaricdən dəstək aksiyaları, seçkilərdə iştirak, rejimə qarşı silahlı mübarizə. Heç vaxt edə bilmədikləri yeganə şey - ölkənin gələcəyi ilə bağlı hər hansı ümumi sənədin işlənib hazırlanmasıdır. 

İrandan mühacirət dalğaları

İranda İslam inqilabından və böyük köçün başlamasından 45 il keçir. Kembric professoru Annabel Srebernı-Məhəmmədinin hesablamalarına görə, 34 milyonluq əhalinin 2 milyona yaxını ölkədən gedib. Daha sonra da ən azı üç miqrasiya dalğası olub: İraqla müharibə illərində (1980-1988), əsrin sonlarında iqtisadi problemlər zamanı, 2000 və 2010-cı illərin sonlarında kütləvi etirazlardan sonra. Hər dəfə həyata yeni baxışı olan və yeni ideyalı yeni insanlar gedir. Bütün bu müddət ərzində mühacirlər nəinki dil tapa bilməyiblər, üstəlik, daha çox mübahisə edirlər. 

2009-cu ildə İranda seçki pozuntuları səbəbindən “Mənim səsim hanı?” şüarı altında etirazlar başladı. Bütün dünyada onminlərlə iranlı mühacir onlarla həmrəylik nümayiş etdirdi. Onlar yüzdən çox şəhərdə indiki İran bayrağı ilə aksiyalar keçirdilər: buna “Yaşıl hərəkat” deyilirdi. Diaspordakı iranlıların belə kütləvi səfərbərliyi görünməmişdi. Amma bu mitinqlər tezliklə rəqabət nöqtələrinə çevrildilər. “Los Ancelesdə, Torontoda və diasporun yaşadığı digər iri şəhərlərdə monarxistlərlə solçuların və Yaşıl hərəkat tərəfdarlarının toqquşmaları baş verdi. Dava-dalaş inqilabdan əvvəlki və inqilabdan sonrakı bayraqların qaldırılması üzündən baş verirdi” – amerikalı sosioloq, diaspor tədqiqatçısı və iranlı mühacirlərin qızı Emi Maleki yazır.

Qadın hüquqları uğrunda 2022-ci ilin sonlarından başlayan etirazlar yeni, daha güclü konsolidasiya nöqtəsi oldu. Həmrəylik aksiyaları 150-də çox şəhəri əhatə etdi. Amma dərhal da müxalifətçilərin daha böyük davaları baş verdi - Torontoda, Londonda, Parisdə. Buraya bir müxalif qrupun digərinin ünvanına səsləndirdiyi açıq və anonim təhdidləri, rejimə işləmək kimi kütləvi ittihamları, bundan sonra da böhtanla bağlı məhkəmə iddialarını əlavə etmək lazımdır. 

 

Gedənlər və qalanlar 

“Qadın, həyat, azadlıq” şüarı altında etirazlar iki il sonra nə İranda, nə xaricdə dayanıb. Sonuncu qəhrəman - guya hicabı doğru örtmədiyindən yarımhərbi “Bəsic” qruplaşmasının hücumuna məruz qaldığına görə alt paltarına qədər soyunan tehranlı aspirant Ahu Dəryayidir. 

İndi onu plakatlarda və karikaturalarda çəkirlər. İran mühacirətinin birinci nəslinin nümayəndəsi Əmir Çəhəki deyir ki, Ahu həm ölkə daxilindəki rejim əleyhdarları, həm də bütün diaspora üçün birləşdirici simvola çevrilib. 

“İranda islam tərbiyəsi tamamilə məğlub olub. Bütün təhsil müəssisələrində təbliğ olunmasına baxmayaraq, islam dəyərləri Z nəslinə təsir edə bilməyib. İyirmi il əvvəl tamam başqa cür idi. İndi nə universitetlərdəki mollalar, nə məcburi kollektiv ibadətlər bu tendensiyanı dayandıra bilmir. Ölkənin böyük hissəsi dinə laqeyddir. Hətta Əli Xamenei insanları motivasiya etməyə çalışanda daha islamdan deyil, İran millətindən danışır”.

Çəhəki uzun illərdir ki, ölkədə yaşamır, amma mütəmadi zəngləşdiyi onlarla qohumu və yaxın dostları var. İran KXDR və hətta Çin deyil. Ölkənin sakinləri dünya şəbəkəsindən kənarlaşmayıblar. İranlı tarixçi, “What Iranians Want: Women, Life, Freedom” kitabının müəllifi Araş Əzizi deyir ki, onlar mühacir mətbuatı oxuyurlar, sosial şəbəkələrdən və messencerlərdən istifadə edirlər, dünya xəbərlərini izləyirlər. 

Gedənlər üçün İran sosial şəbəkələrində xüsusi “xaric nişin” (خارج نشین  - xaricdə oturanlar) termini var. İran sakinlərini küçələrə çıxmağa çağırıb özləri ölkə hüdudlarından kənarda təhlükəsizlikdə olan radikal əhvallı mühacirləri belə adlandırırlar.  

Əmir Çəhəki ilk dəfə 1984-cü ildə, İslam respublikası tənqidçilərinin kütləvi həbsindən və edamından sonra mühacirət edib. Şərq sərhədlərindən Əfqanıstana qaçıb və həkimlik oxumaq üçün SSRİ-yə gedib. O, sol partiyalardan birinin - “Fedaine Xalq İran”ın üzvü idi. Bir neçə dostu, qohumu, partiya yoldaşı həbsə düşdü. Əmir 1995-ci ildə İrana qayıtdı, amma 2014-cü ildə yenidən, bu dəfə Almaniyaya mühacirət etdi. 

Araş Əzizi 2008-ci ildə Malayziyaya getdi və hətta orada yerli kommunist partiyasına üzv oldu. Sonra isə Kanadaya yollandı və vətəndaşlıq aldı. Bu ölkədə mühacirət üçün yaxşı imkanlar var, mühəndisləri və texniki mütəxəssisləri yaxşı qəbul edirlər.

İran raket və dron istehsalı üçün savadlı texniki mütəxəssislər sinfi yetişdirib. Mühəndislər və IT mütəxəssislər ABŞ-a gedir və orada yaxşı güzəran qururlar. İran diasporunun dünya mərkəzi Los Ancelesdir. Devrilmiş şahın oğlu və vəliəhdi Rza Pəhləvi də burada yaşayır. 

 

İsrailə münasibət

İsrailin bu yaxınlarda endirdiyi zərbələr İranın müxalif internet kanallarında kütləvi təqdirlə müşayiət olundu. İsrailə dəstək məqsədilə Amerika və Avropada keçirilən mitinqlərdə iranlılar və şah İranının bayrağı həmişə gözə dəyir. Yaxın Şərq üzrə israilli mütəxəssis Kseniya Svetlova deyir ki, diasporun İsraillə konfliktə münasibəti ikilidir. 

“Monarxist iranlılar ayətullahlara qarşı mübarizədə İsraili təbii müttəfiq görürlər. Digərlər Qəzza və Livanda baş verənləri görürlər və İsraildən yaxşı heç nə gözləmirlər. Nəhayət, ali təhsil müəssisələrində dərs deyən mühacir intellektullar var. Onlar proqressiv ictimai xəttə qoşulur və “çaydan dənizə Fələstin” uğrunda çıxış edən tələbə və müəllimlərlə həmrəy olurlar. 7 oktyabrdan sonra bir sıra İran kökənli professorlar antiisrail təbliğatına görə işdən çıxarılıb”. 

İndi mövcud olmayan İran Şahənşah Dövlətinin vəliəhdi Rza Pəhləvi 2023-cü ilin aprelində İsrailə tarixi səfər etdi və baş nazir Binyamin Netanyahu ilə görüşdü. 

“The Insider”in həmsöhbətləri deyir ki, müxalifətçilərin əksəriyyəti İsraillə konflikti bəyənmir, amma bu, o demək deyil ki, yəhudi dövlətini dəstəkləyirlər. İranın özündə populyar olan şüarı belə tərcümə etmək olar: “Nə Qəzza, nə Livan. İrana canım qurban”. İranlıların əksəriyyəti başqa ölkələrin işinə qarışmağa, “Hizbullah”ın, HƏMAS-ın və husilərin maliyyələşdirilməsinə qarşıdır. 

İran mühacirlərinin bir hissəsi rejimlə mübarizədə digər ölkələrin hərbi yardımına ümid edirlər. Onlar “İranın başını qoparmaq lazımdır” deyirlər və İsrailin Əli Xameneini öldürməsini arzulayırlar. Amma Çəhəki deyir ki, diasporda belə adamlar cəmi 20-25 faizdir. Özü, nüvə obyektləri də daxil, İrana hətta minimum zərbələr endirilməsinə qarşı olan Araş Əzizi  belələrinin mütləq azlıqda olduğuna əmindir.

Əvəzində ən təşkilatlanmış, ən varlı və ən nüfuzlu təşkilatlardan biri - “Mücahidin-e Xalq” bunu istəyənlər arasındadır. Mücahidlər İslam respublikası ilə müharibəyə sadəcə çağırmırlar, onlar bu müharibədə iştirak ediblər. İnqilabdan ilyarım sonra İraq ordusu İrana girəndə hərəkatın lideri Məsud Rəcəvi Səddam Hüseynin tərəfini tutdu. O, İraq diktatorunu “daha az şər” hesab etdi və Əmir Çəhəkinin fikrincə, böyük səhv buraxdı.

“İraqın hücumu iranlıları sıx birləşdirdi. İranlılar ərəbləri sevmirlər. Rəcəvi öz tərəfdarlarını ayətullah Xomeyniyə qarşı üsyana çağırdı. Onlar küçələrə çıxdılar və sadə adamlar “mücahidlər”i tutub, polisə təhvil verdilər. Mənim çox yaxın dostum belə öldü. O zaman hələ dünyaya gəlməmiş gənc iranlılar indi də deyirlər: kim olur-olsun, Rəcəvidən başqa”. 

“Mücahidin-e Xalq”ın hərbi dəstələri Səddam Hüseyn devrilənə qədər İraqda qaldılar və koalisiya qüvvələri tərəfindən tərksilah edildilər. Sonralar məhz bu təşkilat Qərbin diqqətini İranın nüvə proqramına yönəltdi. Nüvə fiziki və SEPAH zabiti Möhsün Fəxrizadə 2020-ci ildə Tehranda öldürüləndə, bu qətldə “Mossad”la yanaşı, “Mücahidin-e Xalq” da günahlandırıldı. 

 

Yalnız rejimə nifrət birləşdirir

Tanış olmayan iranlı mühacirlər keçmişdə adətən siyasi diskussiyalardan qaçardılar, çünki həmsöhbətinin rejimlə əlaqəli ola biləcəyindən qorxurdular. İran siyasəti üzrə kanadalı ekspert Fərhad Rezai “The Insider”ə deyir ki, indi belə deyil.

“Amma “Qadın, həyat, azadlıq” hərəkatı başlayandan sonra insanlar öz görüşlərini daha açıq dilə gətirirlər, hərçənd, bununla bağlı risklər artıb. İran rejimi siyasi opponentlərlə mübarizə üçün xaricə terrorçu dəstələri göndərib. Ailələrinə baş çəkmək üçün ölkəyə dönməyi planlaşdıran iranlılar da öz görüşlərinə görə cəzalandırılmaqla risk edirlər”. 

Rezai yeni mühacir dalğasının nümayəndəsidir. İranın nüvə proqramım və proksi-müharibələri barədə kitabların müəllifidir. O, kürd mənşəlidir, əvvəlcə etnik azlığın, sonra da rejimin tədqiqatçısı və tənqidçisi kimi təqibə məruz qalıb. 

Onun əndişəsi əsassız deyil. Əzizinin hesablamalarına görə, müxtəlif vaxtlarda 300-ə yaxın fəal İslam respublikasının agentləri tərəfindən öldürülüb. Bəziləri isə İrana qaçırılıb və orada edam edilib. 

Amma mühacir müxalifətçilər siyasətdən söz salmağa başlayanda da, bu, demək olar, həmişə mübahisə ilə yekunlaşır. Çəhəki deyir ki, müxalifətdə birliyi xatırladan bir şey yoxdur. “Bir zaman Rza Pəhləvi vahid cəbhə yaratmaq istədi və yeddi nəfər topladı. Hətta kürdlər də təmsil olunurdu. Yarım ildən sonra hər şey dağıldı”.

İranlılar federalizmdən danışırlar. Ölkədə kürdlər, türkmənlər, azərbaycanlılar, bəluclar yaşayır. Kimisi hesab edir ki, İran federasiya olmalıdr, digərləri isə bunu ölkənin dağılmasına gedən yox sayırlar.

Nüvə sövdələşməsindən danışırlar. Əzizi kimi bəziləri bunu, Trampın dəfn etdiyi çox yaxşı şey sayırlar. Rezayi kimilər isə İranın nüvə proqramı ilə sərt mübarizəyə çağırırlar. 

İndi ölkə daxilidə mübarizə aparan yeganə sistem müxalifəti - islahatçılardı. Onlar məcburi hicaba qarşıdırlar, ölkənin islami xarakterini saxlamaqla qadın və söz azadlığına tərəfdirlər. Onlar son seçkilərdə Məsud Pezeşkiana səs verməyə çağıranda ölkənin həm daxilində, həm xaricində parçalanma yarandı. 

Müxalifətin bir hissəsi səsvermə zamanı səfərbər oldu, digəri seçkilərin boykotunu tələb etdi. Avstraliyada İran diasporunun etirazı üzündən Brisben və Sidneydə səsverməni ləğv etdilər. ABŞ-da seçki məntəqələri yaratmağa icazə verdiyinə görə Bayden administrasiyasını tənqid etdilər. Nəticədə Pezeşkian səsvermənin iki turundan sonra qalib gəldi. Özü də birinci turda 39,93% olan iştirak ikinci turda 49,68 faizə yüksəldi. Çəhəki əmindir ki, əsasən “az pis” prinsipi ilə səs verirdilər: “İkinci namizəd Səid Cəlili ultraküt sağçıdır. O, başqa dövrdə, Məhəmməd Peyğəmbərin sağ olduğu əsrdə yaşayır. İranlıların çoxu etiraf edir ki, iki pis arasında seçimə nifrət edirlər”.

 

Gələcəyin İranı

1980-ci illərdə ABŞ-dəki iranlı ailələrdə eyni konflikt təkrar olunurdu. Uşaqlar vətəndə qalan hovuzlu evləri, əvvəlki zəngin və imtiyazlı həyatı xatırlayırdılar. “Uşaqlar bütün bunların itirilməsində valideynlərini günahlandırırdılar”, - iranlı aristokrat Sitarə Fərmanfərma 2005-ci ildə xatırlayırdı. 

Alman antropoloq Yudit Albrext “How to be an Iranian Woman in the 21st Century? Female Identities in the Diaspora” məqaləsində yazır ki, mühacir uşaqları böyüdükcə iki zidd reaksiya nümayiş etdirirdilər. Bir hissəsi iranlı adlarını Amerika adlarına dəyişdi və maksimum assimilyasiya olmağa çalışdı, digər hissə isə fars dilini öyrənir və nümayişkaranə şəkildə ABŞ siyasəti ilə maraqlanmırdı. 

Həmin proses sonra da davam etdi. Xeyli mühacir uşağı özünü İranla assosiasiya etmir və orada yaşamaq istəmir, məsələn, Əmir Çəhəkinin qızı. Amma əksi də olur. 

Araş Əzizi də, Fərhad Rezayi də, Əmir Çəhəki də qayıtmağı arzulayırlar. Bunun üçün rejim çökməli və dövlət dəyişməlidir. Amma görünür, elə bir gələcək İran yoxdur ki, hər üçü bəyənsin. 

Həmin gələcəyi xaricdən yaxınlaşdırmaq çətindir. Kitablar və məqalələr yazmaq, seçkilərdə səs vermək və ya onları boykot etmək olar, SEPAH-ı terrorçu təşkilat kimi tanınmasına cəhd etmək, İranın nüvə proqramını dəstəkləmək və ya rədd etmək olar - Çəhəki boynuna alır ki, İranı tərk edən iranlılar çox az iş görə bilirlər. 

“Amma edə biləcəyimiz bir şey var. Beynəlxalq təzyiq vasitəsilə İrandakı fəallar üçün edam cəzasını ləğv edə bilərik. Bu işləyir və bu, çox mühümdür”, - Çəhəki əlavə edir.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://theins.ru/obshestvo/276292