Azərbaycanda mal əti istehsalı azalıb, idxalı kəskin artıb
27 Oktyabr 2026
Azərbaycanda mal əti və ət məhsullarının istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bugünlərdə açıqlanan "Azərbaycanın ərzaq balansları-2026" statistik məcmuəsində bildirilir.
Hesabata əsasən, 2025-ci ildə mal əti və ət məhsullarının istehsalı 150 min 479 ton təşkil edib. 2024-cü ildə bu göstərici 152 min 878 ton olmuşdu. Beləliklə, illik istehsal 2 min 399 ton, yəni 1.6 faiz azalıb.
Yerli istehsaldakı geriləmə cüzi olsa da, idxalda kəskin artım qeydə alınıb. Eyni balans cədvəlinə əsasən, idxalın həcmi 2024-cü ildəki 19 min 937 tondan 2025-ci ildə 29 min 619 tona yüksəlib (+48.6 faiz).
İstehsalın azalması və idxalın kəskin artması qiymətlərə də birbaşa təsir edib. Son aylarda Azərbaycanda dana əti daha da bahalaşmaqdadır. Artıq Bakıda dana ətinin kiloqramı 19 manata, sümüksüz ət isə 23-25 manata təklif olunur. Halbuki ötən ilin müvafiq dövründə ölkədə dana ətinin kiloqramı 16 manata, iki il əvvəl isə 13-14 manata satılırdı.
Ekspertlər bu bahalaşma tendensiyasının bir müddət də davam edəcəyini proqnozlaşdırırlar. Onlar bildirirlər ki, son illər ölkədə həm mal-qaranın baş sayı azalıb, həm də yem məhsulları bahalaşıb. Mütəxəssislər onu da vurğulayırlar ki, son dövrlər pambıq əkininin genişləndirilməsi səbəbindən örüş və otlaq sahələrində ciddi azalma müşahidə olunur.