Azərbaycanda kərə yağı bahalaşıb — səbəb nədir?
19 Noyabr 2026
Son bir ayda Azərbaycanda kərə yağının bahalaşması ilə bağlı şikayətlər artıb. Paytaxt sakinlərinin sözlərinə görə, qiymətlərdə təxminən 10 faizlik artım hiss olunur.
"Məsələn, bir ay əvvəl kiloqramı 24 manat 50 qəpiyə olan yağ indi 26 manat 50 qəpiyə təklif edilir. Özü də elə bil sehrbaz kimi xalqın gözünü bağlamaq istəyirlər. Bəzən hansısa mağazalarda endirim kampaniyası olur və real qiymət dəyişikliyini çox da tuta bilmirsən. Kampaniya başa çatandan sonra isə bir də görürsən ki, qiymətlər artıq əvvəlki deyil", — adının çəkilməsini istəməyən Bakı sakini bildirib.
Satış məntəqələri və aidiyyəti qurumlar bu şikayətlərə hələlik münasibət bildirməyiblər. Lakin rəsmi rəqəmlər ölkədə yağ istehsalının azaldığını göstərir.
Yerli istehsal və idxal azalıb
Rəsmi məlumatlara görə, bu ilin ilk doqquz ayında ölkədə 18 min 45 ton kərə yağı istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.5 faiz azdır. Son illər yerli kərə yağı istehsalında ümumi eniş tendensiyası davam edir. Maraqlıdır ki, Dövlət Statistika Komitəsinin (DSK) hesablamalarına əsasən, bu ilin 10 ayında süd istehsalının həcmində heç bir dəyişiklik baş verməyib.
İdxalda da oxşar vəziyyət yaranıb. 2026-cı ilin yanvar–sentyabr aylarında xaricdən gətirilən kərə yağı və digər südlü yağların həm çəkisi, həm də ümumi dəyəri azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxala xərclənən vəsait 22.8 milyon dollar və ya 16.7 faiz aşağı düşüb. Eyni zamanda, idxal olunan yağın bir tonunun orta qiyməti 11.8 faiz ucuzlaşıb. Ümumilikdə, doqquz ayda ölkəyə 113 milyon 534.41 min ABŞ dolları dəyərində 18 min 652.27 ton məhsul gətirilib.
Rəsmi statistika və iqtisadçıların fərqli baxışı
Rəsmi rəqəmlər isə bazardakı real mənzərədən və əhalinin şikayətlərindən xeyli fərqlənir. DSK-nın son hesabatına əsasən, bu ilin 10 ayında ərzaq inflyasiyası cəmi 6.8 faiz təşkil edib. Qurum hətta son bir ayda kərə və bitki yağlarının 0.1 faiz ucuzlaşdığını açıqlayıb.
Müstəqil iqtisadçılar isə bu statistik göstəriciləri inandırıcı saymırlar. Onların fikrincə, qarşıdakı ildə Azərbaycanda kərə yağının daha da bahalaşacağı istisna deyil. Ekspertlər buna səbəb kimi vergi qanunvericiliyində gözlənilən yenilikləri göstərirlər. Belə ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinə görə, 2027-ci il yanvarın 1-dən fermerlər və kənd təsərrüfatı istehsalçıları daha vergidən tam azad olmayacaqlar — əvəzində onlara 90 faizlik güzəşt veriləcək, növbəti 5 il ərzində gəlir və mənfəət vergisinin 10 faizini ödəyəcəklər.
İqtisadçılar hazırkı qiymət artımını isə əsasən yerli istehsalın azalması və bazardakı inhisarçılıqla əlaqələndirirlər.