İnsan yatarkən beynində nə baş verir? - Maraqlı kəşf
19 Noyabr 2026
İnsan yatarkən beynində baş verən proseslərdən biri də beyin-onurğa beyni mayesinin hərəkətidir.
ABŞ alimlərinin apardığı tədqiqatın nəticələri “Nature Aging” elmi jurnalında dərc olunub.
Araşdırmada qeyd olunur ki, bu proses yaş artdıqca zəifləyə bilər.
Araşdırma zamanı 18-39 yaş arası gənclər və 60-84 yaş arası yaşlı insanların yuxu zamanı beyin fəaliyyəti müqayisə edilib. Bunun üçün elektroensefaloqrafiya (EEQ) və sürətli funksional maqnit-rezonans tomoqrafiyasından (fMRT) istifadə olunub.
Məlum olub ki, dərin yuxu zamanı gənclərin beynində beyin-onurğa beyni mayesinin hərəkəti daha güclü dalğalar şəklində müşahidə edilir. Yaşlı iştirakçılarda isə bu hərəkət əhəmiyyətli dərəcədə zəif olub.
Alimlərin sözlərinə görə, bu fərq həm yuxu zamanı yaranan yavaş beyin dalğalarının azalması, həm də beyin damarlarının fəaliyyətində yaşla bağlı dəyişikliklərlə əlaqədardır.
Beyin-onurğa beyni mayesi beynin qorunmasında, onun daxili mühitinin sabit saxlanılmasında və müxtəlif maddələrin daşınmasında mühüm rol oynayır. Əvvəlki tədqiqatlar yuxu zamanı bu mayenin dövranının beyində toplanan metabolik tullantıların xaric edilməsində iştirak edə biləcəyini göstərib.
Tədqiqatçılar vurğulayırlar ki, yeni araşdırmada tullantı maddələrin birbaşa xaric olunması ölçülməyib. Buna görə də müşahidə edilən dəyişikliklərin Alzaymer və digər neyrodegenerativ xəstəliklərin yaranmasına necə təsir etdiyi hələ də əlavə araşdırma tələb edir.
Alimlər hesab edirlər ki, yuxu zamanı beyin mayesinin dövranının öyrənilməsi yaşlanma və beyin sağlamlığı arasındakı əlaqənin daha yaxşı anlaşılmasına kömək edə bilər.