Pelosinin həyat yoldaşı 40 dəqiqə həbsdə qaldı
19 Noyabr 2026
ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi məhkəmə tərəfindən bir sutkalıq həbs cəzasına məhkum edilsə də, həbsxanada cəmi 36 dəqiqə qalıb.
Bu barədə TMZ nəşri Napa dairəsinin həbsxana qeydlərinə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, 86 yaşlı Pelosi noyabrın 16-da saat 10:28-də (Bakı vaxtı ilə 22:28) islah müəssisəsinə daxil olub və saat 11:04-də (Bakı vaxtı ilə 23:04) oranı tərk edib.
Onun həbsxanada bu qədər az qalması yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən uzaqlaşması ilə bağlı iş üzrə ittiham tərəfi ilə razılaşma əldə etməsi nəticəsində mümkün olub.
Hadisə iyulun 3-də Kaliforniya ştatının Yuntvill şəhərində baş verib. Pelosi avtomobili ilə park edilmiş, içərisində heç kimin olmadığı digər nəqliyyat vasitəsinə toxunaraq hadisə yerindən uzaqlaşıb. Daha sonra onun avtomobili xarab olub və polis əməkdaşları tərəfindən saxlanılıb.
Noyabrın 3-də Pelosi təqsirini etiraf edib. Əldə olunan razılaşmanın şərtlərinə əsasən, onun sürücülük vəsiqəsi altı ay müddətinə dayandırılacaq. Bundan əlavə, Pelosi 10 günlük ictimai iş proqramında iştirak etməli, təxminən 11 min dollar təzminat ödəməli və bir il sınaq müddətində olmalıdır.
Pelosi ailəsi TMZ-yə bildirib ki, Pol Pelosi zərərçəkmiş avtomobilin sahibindən şəxsən üzr istəyib və dəymiş ziyanı ödəyəcəyinə söz verib.
Nensi Pelosi isə məsələnin şəxsi xarakter daşıdığını əsas gətirərək əlavə şərh verməkdən imtina edib.