Trampa kəhrəba ilə bəzədilmiş taxt hədiyyə edilib
19 Noyabr 2026
Polşa Prezidenti Karol Navrotskinin ABŞ lideri Donald Trampa kəhrəba ilə bəzədilmiş xüsusi kreslo hədiyyə etdiyi məlum olub.
Bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb.
Bildirilib ki, Navrotski 2026-cı ilin iyununda ABŞ-nin Müstəqillik Bəyannaməsinin 250 illiyi və Trampın 80 illik yubileyi münasibətilə Vaşinqtona səfəri zamanı ona iki hədiyyə təqdim edib. Rəsmi olaraq hədiyyələrdən birinin Vaşinqtonda inşa edilməsi planlaşdırılan zəfər tağı üçün mərmər lövhə olduğu açıqlansa da, ikinci hədiyyə indiyədək gizli saxlanılıb.
TVN24-ün məlumatına görə, söhbət kəhrəba işləmələri ilə zəngin şəkildə bəzədilmiş kreslodan gedir. Onun müəllifi polşalı sənətkar Luçyan Mırtadır. Maraqlıdır ki, kreslo əvvəlki prezident Andjey Dudanın sifarişi ilə hazırlanıb və elə o vaxtdan Trampa hədiyyə edilməsi nəzərdə tutulub. Lakin həmin dövrdə hədiyyə təqdim olunmayıb.
Polşa Prezidentinin Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç da hədiyyənin böyük təəssürat yaratdığını bildirib.
Qeyd edək ki, Polşa Prezidentinin Aparatı hədiyyə barədə məlumatı hətta yüksəkvəzifəli rəsmilərdən də gizli saxlayıb.