“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm”
19 Noyabr 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumun nəticəsindən asılı olaraq istefa verəcəyini açıqlayıb.
“Tert”ə istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentdə sual-cavab sessiyası zamanı danışıb.
O bildirib ki, vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs versələr, vəzifəsindən gedəcək:
“Referendum müsbət nəticələnəcəyi təqdirdə isə Azərbaycanla sülh prosesini yekunlaşdırdıqdan sonra istefa verəcəyəm. Məni hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz? Çox yaxşı, sizə təklif edirəm, uzaqlaşdırın. Sübut edin ki, bunu istəyirsiniz”.
Baş nazir qeyd edib ki, yeni Konstitusiya qəbul olunarsa, Azərbaycanla sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması və sərhəddəki mübahisəli məsələlərin həlli istiqamətində addımlar atılacaq:
“Gəlin referenduma gedək. Xalq səs verməsə, mən gedirəm. Təslim oluram. Təklif edirəm. İmtina edirsiniz? Azərbaycanla sülh müqaviləsi imzalanmadan vəzifəmdən getmək niyyətində deyiləm”.
Qeyd edək ki, Ermənistanın yeni Konstitusiyasından ölkənin Qarabağa dair ərazi iddialarına istinad kimi qiymətləndirilən müddəaların çıxarılması nəzərdə tutulur.