Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlanılıb
16 Yanvar 2026
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb.
Belə ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara təchiz edilir.
İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.
SOCAR Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış qaz strategiyasına uyğun olaraq, Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini davamlı şəkildə genişləndirir, müxtəlif ölkələrdən olan alıcılarla əməkdaşlıq portfelini artırır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir.
Xatırladaq ki, Avstriya və Almaniya ilə yanaşı Avropa istiqamətində tədarük edilən ölkələr sırasında İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya, Şimali Makedoniya və Ukrayna yer alır. Bundan əlavə, Azərbaycan qazı Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə, oradan isə Türkiyənin daxili boru kəmərləri ilə Suriyaya, eləcə də Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Gürcüstana nəql olunur.
2025-ci ildə Almaniya təbii qazı əsasən Norveçdən, ABŞ-dən (LNG), eləcə də Belçika və Rusiyadan (Aİ ölkələri üzərindən) idxal edib. Avstriya isə ötən il qaz tədarükünü əsasən Almaniya və İtaliya vasitəsilə həyata keçirib.
Ötən ilin iyun ayında SOCAR ilə Almaniyanın dövlət enerji şirkəti SEFE (Securing Energy for Europe) arasında 10 illik qaz alqı-satqısı müqaviləsi imzalanıb. Bu sənədə əsasən, SOCAR Avropada SEFE-yə qaz tədarük edəcək. İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq 15 teravatt/saatadək (təxminən 1,5 milyard kubmetr) çatdırılacaq. Müqavilə hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaların cəlb olunmasını nəzərdə tutur və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.
Eyni zamanda, SOCAR 2024-cü ildə Avstriyanın "Geoplin" şirkəti ilə Azərbaycan qazının tədarükü üzrə ilk müqaviləni imzalayıb.
Ötən ilin yanvar-noyabr aylarında Almaniya Azərbaycandan 502 milyon ABŞ dollarından çox dəyərində 956,7 min ton xam neft idxal edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21 %, həcm baxımından isə 4,5 % azdır.
Eyni dövrdə Azərbaycan Avstriyaya 177,5 min ton xam neft ixrac edib ki, bu da əvvəlki ilin 11 ayı ilə müqayisədə 2,1 dəfə çoxdur. Avstriyaya ixrac edilən neftin dəyəri isə 1,8 dəfə artaraq 87,9 milyon ABŞ dollarına çatıb.
Ümumilikdə, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 298 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 % azdır və Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 2,91 %-nə bərabərdir. Hesabat dövründə Azərbaycandan Almaniyaya ixrac 20,3 % azalaraq 543,7 milyon ABŞ dolları, Almaniyadan idxal isə 1,4 % artaraq 754,7 milyon ABŞ dolları olub.
Azərbaycan-Avstriya ticarət əlaqələri isə əksinə, artım nümayiş etdirib. Belə ki, ötən ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 219,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur. Bu göstərici Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 0,49 %-nə bərabərdir. Həmin dövrdə Azərbaycandan Avstriyaya ixrac 1,8 dəfə artaraq 89,5 milyon ABŞ dolları, Avstriyadan idxal isə 1,6 dəfə artaraq 130 milyon ABŞ dolları olub.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.