Azərbaycan Ermənistanın Aİ ilə yeni strateji tərəfdaşlıq sənədindən narahatdır
10 Dekabr 2025
"...Sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur". Bu narahatlıq "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənədlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) dekabrın 9-da yaydığı şərhində ifadə edilir.
"Sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir göstərir", - şərhdə əlavə edilir.
Açıqlamaya görə, reinteqrasiya planından imtina etdikdən sonra Azərbaycandan "könüllü şəkildə" Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi qərəzin nümunəsidir. Şərhə görə, bu, bu il Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanan sülh sazişi ilə də ziddiyyət təşkil edir.
Vurğulanır ki, Aİ-Ermənistan strateji tərəfdaşlıq sənədində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur: "...Saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəliyi nəzərə alındıqda... Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, missiyanın mövcudluğunun qorunmasının və tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir".
Xatırlatma
Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda iki ölkə arasında sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
2017-ci ildə Ermənistan Aİ ilə tərəfdaşlıq sazişi imzalayıb. Azərbaycanla da həmin vaxt eyni danışıqlar başlasa da, müsbət nəticə əldə edilməyib.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Elə bölgədəki erməni əhali də 2023-cü ildə Ermənistana köç edib.