Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniya Çeçenistan əsilli 7 nəfəri deportasiya edib

Almaniya təqiblər səbəbindən Çeçenistandan qaçan yeddi nəfəri deportasiya edib. Bu barədə "Kavkaz.Realii"yə hüquq müdafiəçisi Roza Dunayeva məlumat verib. Deportasiya olunanların adları açıqlanmır.

Dunayevanın sözlərinə görə, deportasiya olunanların hamısı Çeçenistan hakimiyyətinin təqiblərinə dair sübutları Almaniya rəsmilərinə təqdim edərək sığınacaq istəyib. Onlar üç ildən beş ilədək Almaniyada yaşasalar da, müraciətləri rədd edilib. Hüquq müdafiəçisi imtinanın konkret səbəblərinin də açıqlanmadığını deyir.

"Xüsusi narahatlıq doğuran məqam budur ki, Çeçenistan sakinləri Almaniyadan üçüncü ölkələr, xüsusilə də Gürcüstan, Tacikistan və Özbəkistan vasitəsilə deportasiya edilirlər. Almaniyanın beynəlxalq öhdəliklərindən yayınması məqsədilə bu cür marşrutlardan istifadə olunması yolverilməzdir", – Dunayeva bildirib.

O, tərəfdaşları ilə birlikdə deportasiya prosesinin və miqrasiya xidmətinin hərəkətlərinin araşdırılmasına nail olmaq niyyətindədir.

Çeçen diasporunun nümayəndələri ATƏT-in işgəncələrin qarşısının alınmasına dair iclasında Avropa ölkələrini Şimali Qafqazdan sığınacaq axtaran şəxslərin Rusiyaya deportasiyasını dayandırmağa çağırıblar.

Hüquq müdafiəçilərinin sözlərinə görə, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan bəri Avropanın hər yerində qaçqınlar bu problemlə üzləşiblər.

Hüquq müdafiəçiləri Rusiyaya qaytarıldıqdan sonra Qafqaz əsilli 20-dən çox deportasiya olunmuş şəxsin öldürüldüyünü bildirirlər.