Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniya bu həftə Qrenlandiyaya qoşun göndərəcək

Almaniya bu həftə qoşunlarını Qrenlandiyaya göndərəcək.

Bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, adaya əvvəlcə Bundesver qoşunlarından ibarət qabaqcıl qrup göndəriləcək. Qrup artıq yanvarın 15-də yola düşə bilər.

Qəzet iddia edir ki, rəsmi olaraq Avropadan olan NATO ölkələri Qrenlandiyadakı iştiraklarını genişləndirirlər. Lakin əməliyyat NATO strukturları vasitəsilə deyil, Kopenhagendən əlaqələndirilir, çünki Qrenlandiyaya nəzarət edən Danimarka da daxil olmaqla, alyansın Skandinaviya ölkələri ABŞ-nin Norfolk şəhərindəki qərargahının komandanlığı altındadır. "Bild" qeyd edir ki, əməliyyatın ABŞ-nin iştirakı olmadan həyata keçirilməsi planlaşdırılır.

Almaniya Müdafiə Nazirliyinin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib.

Danimarka Qrenlandiyaya hərbçilər yerləşdirməyə başlayıb, bunun ardınca NATO müttəfiqləri tərəfindən dəstək göndərilməsi gözlənilir.

Bu barədə "Euractiv" portalı yerli KİV-ə istinadən məlumat yayıb.

"Danimarka silahlı qüvvələrinin qabaqcıl bölməsi artıq Qrenlandiyaya çatıb ki, daha böyük bölmələrin mümkün yerləşdirilməsi üçün zəmin yaratsın", - portal "DR" teleradio şirkətinə istinadən məlumat verib

Qrenlandiya və Danimarka hakimiyyətləri adada hərbi mövcudluğu genişləndirəcəklərini və 2026-cı il boyu müttəfiqlərlə təlimlər keçirməyə davam edəcəklərini elan ediblər.

"Qrenlandiya sakinləri daha çox hərbi təyyarə, qoşun və gəmi, o cümlədən NATO müttəfiqlərini görməyə hazır olmalıdırlar", - portal Qrenlandiya hökumətinin saytında dərc olunmuş bəyanata istinadən məlumat verib.

Bu gün həmçinin İsveç də hərbi personalının bir hissəsini adaya göndərdiyini təsdiqləyib.

"Məhz Danimarkanın xahişi ilə İsveç Silahlı Qüvvələrindən personal göndərir", - İsveç Baş naziri Ulf Kristersson sosial şəbəkələrdə yazıb və əlavə edib ki, onlar bir neçə müttəfiq ölkədən ibarət qüvvələr qrupunun bir hissəsidir.

Kopenhagenin atdığı bu addımlar Qrenlandiya, Danimarka və ABŞ liderlərinin həlledici görüşü ərəfəsində Vaşinqtonla gərginliyin artması fonunda baş verir.

Daha əvvəl yanvarda ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton istənilən yolla Qrenlandiya üzərində nəzarəti əldə edəcək. "Əgər bunu yaxşı yolla etmək mümkün olsa, əla olar. Əgər olmasa, onda biz bunu daha sərt yolla edəcəyik", - o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.