Ermənistan pasportunda “Azərbaycan” qalmaqalı
Ekspert: “Qarabağ ermənilərinin etirazları nəticəsiz qalacaq”
24 Noyabr 2026
Ermənistanda vətəndaşlıq alan Qarabağ ermənilərinə verilən yeni biometrik pasportlarda və şəxsiyyət vəsiqələrində “Doğum yeri” qrafasında “Azərbaycan” yazılmağa başlanıb. 2026-cı ilin payızında yeni biometrik sistemə keçidlə qüvvəyə minən bu yenilik köçkünlərin özləri, hüquq müdafiəçiləri və Ermənistanın müxalifət dairələri arasında kəskin mübahisələrə və narazılığa səbəb olub.
Ermənistan hakimiyyətinin məsələ ilə bağlı rəsmi mövqeyi artıq açıqlanıb. 2026-cı il noyabrın 19-20-də Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti qərarı texniki və beynəlxalq tələblərlə əsaslandıran izahat yayıb.
Qurum beynəlxalq standartlara, konkret olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli sənədinə və maşınla oxuna bilən sənədlər üçün dövlətlərin və coğrafi vahidlərin siyahısını müəyyən edən ISO 3166 standartına istinad edib.
Ermənistan DİN nümayəndələrinin sözlərinə görə, əvvəlki nümunəli mavi pasportlarda yer alan qeydlər mütəmadi olaraq başqa ölkələrin sərhəd xidmətlərində suallar doğururdu. Yeni vahid yanaşmanın məqsədi vətəndaşların dövlət sərhədlərini keçərkən çətinliklərlə üzləşməsinin qarşısını almaqdır.
Lakin hakimiyyətin bu qərarı Qarabağ ermənilərinin birlikləri, hüquqşünaslar və bir sıra media qurumları tərəfindən tənqidlə qarşılanıb. Onlar DİN-in arqumentlərini əsassız hesab edirlər.
Məsələn, Qarabağ ermənilərinin “Artsax İttifaqı” ictimai təşkilatı DİN-in mövqeyini pisləyərək, “Azərbaycan” qeydinin beynəlxalq tələb deyil, “hakimiyyətin siyasi qərarı” olduğunu bildirib. Birliyin nümayəndələri qeyd ediblər ki, buna səbəb 2026-cı ilin mayında qəbul edilmiş və oktyabrın 30-da qüvvəyə minmiş “Şəxsiyyəti təsdiq edən sənəd haqqında” yeni qanundur. Həmin qanuna əsasən, bu qrafada yalnız dövlətin adı göstərilməlidir. Əvvəllər mövcud olan yalnız yaşayış məntəqəsinin adını yazmaq imkanı isə aradan qaldırılıb.
Köçkünlər bu qərardan beynəlxalq instansiyalara şikayət etmək niyyətində olduqlarını bildiriblər. Onlar həmçinin Ermənistanın insan hüquqları müdafiəçisini (ombudsmanı) yeni normanın Konstitusiyaya uyğunluğunu qiymətləndirməyə və Konstitusiya Məhkəməsinə müraciət etməyə çağırıblar.
Ermənistan mediası, xüsusilə Zartnir.media nəşri ICAO-nun 9303 nömrəli standartını təhlil edərək, “Doğum yeri” qrafasının ümumiyyətlə məcburi olmadığını bildirib. Tənqidçilər vurğulayırlar ki, ICAO qaydaları ölkənin əvəzinə şəhər və ya kəndin adının göstərilməsinə imkan verir və dövlətlərə bu qrafanı doldurarkən “siyasi həssaslığı” nəzərə almağı tövsiyə edir.
Bəs Ermənistan DİN-in ICAO-nun 9303 nömrəli sənədinə və ISO 3166 standartına riayət olunması ilə bağlı rəsmi izahatı Ermənistan mediasının ICAO qaydalarına əsasən “Doğum yeri” qrafasının ümumiyyətlə məcburi olmadığı barədə gəldiyi nəticələrlə nə dərəcədə uzlaşır?
Qərardan Konstitusiya Məhkəməsinə şikayət edilməsinin perspektivləri necədir? Ombudsman və köçkünlər yeni normanın Konstitusiyaya uyğunluğunun qiymətləndirilməsi üçün Ermənistan Konstitusiya Məhkəməsinə hansı hüquqi əsaslarla müraciət edə bilərlər?
Bu yenilik texniki zərurətdir, yoxsa siyasi addım? Niyə “Artsax İttifaqı” “Azərbaycan” qeydini hakimiyyətin siyasi qərarı kimi qiymətləndirir?
Bu qərar cəmiyyətdə sabitliyə necə təsir göstərir? Qarabağdan köçənlər, hüquq müdafiəçiləri və Ermənistanın müxalifət dairələri arasında getdikcə qızışan mübahisələr hansı siyasi və sosial nəticələrə gətirib çıxara bilər?
Qərarın beynəlxalq instansiyalarda mübahisələndirilməsi nə dərəcədə perspektivlidir? Qarabağ erməniləri beynəlxalq qurumlara müraciət edərkən hansı hüquq normalarına və beynəlxalq presedentlərə istinad edə bilərlər?
Pressklub.az-ın suallarını tanınmış xarici siyasi şərhçilər cavablandırıblar.
Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, jurnalist və analitik Vadim Dubnov (Praqa) hesab edir ki, bu, sırf siyasi xarakterli addımdır və onun ciddi perspektivinin olması az ehtimal olunur. Üstəlik, hazırda Konstitusiya, TRIPP və digər daha mühüm məsələlər ətrafında mübahisələr başlayır.

“Düşünürəm ki, ICAO-nun guya müəyyən tələblər irəli sürməməsinə, pasportda doğum yeri kimi şəhər və ya kəndin adının göstərilməsinin kifayət etməsinə dair istinadlar... Şəhər və ya kəndin adı göstərildikdə də eyni problemlər yaranacaq. Çünki Qarabağdakı şəhər və kəndlər indi əvvəlki adları ilə adlandırılmır. Kimsə artıq mövcud olmayan adı göstərmək istəsə, yenə eyni mübahisə başlayacaq. Buna görə də, bu mübahisə nə qədər sonsuz ola bilərsə, bir o qədər də nəticəsiz qala bilər.
Hesab edirəm ki, bu məsələdə Konstitusiya Məhkəməsinə şikayət etməyin heç bir mənası yoxdur. Düşünürəm ki, Ermənistanın özündə də bu təşəbbüs ciddi dəstək qazanmayacaq. Çünki Ermənistanda yaşayan ermənilərlə qarabağlılar arasında münasibətlər kifayət qədər ziddiyyətlidir. Ona görə də güman edirəm ki, bir müddət sonra bu məsələni tamamilə unudacağıq”, – Dubnov bildirib.
Erməni analitik və publisist İşxan Verdyan isə öz növbəsində bildirib ki, məsələ əslində olduqca maraqlıdır və həm beynəlxalq hüquq qaydalarının, həm də Ermənistanın daxili qanunvericiliyinin kəsişdiyi hüquqi ziddiyyətlərlə bağlıdır.

“Birincisi, tamamilə mümkündür ki, “Doğum yeri” qrafasının doldurulması Ermənistan qanunvericiliyinin məcburi tələbidir. Əgər həqiqətən də belədirsə, bu halda doğum yeri kimi “Qarabağ” göstərildikdə beynəlxalq normalar və ərazinin tanınmış mənsubiyyəti baxımından “Azərbaycan” qeydinin yazılması nəzərdə tutula bilər.
Bu baxımdan Ermənistan tərəfinin hüquqi mövqeyi tamamilə qüsursuz ola bilər. Əlbəttə, əgər beynəlxalq standartlarda müvafiq tələb nəzərdə tutulmayıbsa, ICAO müstəqil şəkildə “Doğum yeri” qrafasının mütləq olmasını tələb edə bilməz. Lakin dövlətin milli qanunvericiliyi həmin qrafanın məcburi qaydada doldurulmasını nəzərdə tutursa, sənədlərin standartlaşdırılmasını və uyğunluğunu təmin edən beynəlxalq qurumlar bu sənədlərə müəyyən edilmiş normativ tələblər çərçivəsində yanaşacaqlar.
Əks halda, sənədlərin beynəlxalq səviyyədə istifadəsi zamanı hüquqi qeyri-müəyyənliklər və çətinliklər yarana bilər.
İkincisi, Ermənistan hakimiyyətinin qərarının siyasi xarakter daşıdığını iddia edən qondarma “Artsax İttifaqı” nümayəndələrinin bəyanatlarına gəlincə, burada şəxsi fikrimi bildirmək istərdim.
Mənim fikrimcə, Ermənistan hakimiyyətinin əsl siyasi qərarı nəhayət, vəziyyəti ayıq başla qiymətləndirib “Artsax”ın siyasi konsepsiya kimi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə birbaşa qəsd olduğunu anlaması olacaq.
“Artsax”ın müstəqil siyasi element kimi dövlətlə əlaqəli hər hansı formada xatırladılması Ermənistan üçün potensial təhlükə yaradır. Çünki Azərbaycanda bu məsələ sadəcə tarixi və ya mədəni məsələ kimi deyil, konkret dövlət təhlükəsi kimi qəbul olunur.
Bir daha qətiyyətlə vurğulayıram: əgər Azərbaycan İrəvanın mərkəzində fəaliyyət göstərən belə bir siyasi elementi – istər struktur, istər ofis, istərsə də təşkilat olsun – aradan qaldırmağı zəruri hesab edərsə, onun coğrafi yerləşməsi özlüyündə təhlükəsizlik təminatı olmayacaq. Belə bir qarşıdurma təkcə həmin struktur üçün deyil, Ermənistanın özü üçün də fəlakətli nəticələrə səbəb ola bilər.
Buna görə də, mənim fikrimcə, Ermənistan hökumətinin əsl siyasi addımı “Artsax” adından fəaliyyətdə olan siyasi simvol və ya institusional element kimi istifadə edən təşkilatların fəaliyyətinə son qoymaq olardı. “Artsax” tarixi sənədlərdə, mədəni yaddaşda və müəyyən tarixi dövrün öyrənilməsi kontekstində qala bilər və qalmalıdır. Lakin onun Ermənistan dövlətçiliyinin fəaliyyətdə olan siyasi elementinə çevrilməsi, istisna edilməlidir.
Mən əsl siyasi qərar dedikdə məhz bunu nəzərdə tuturam və hesab edirəm ki, Paşinyanın növbəti addımı da bu olmalıdır”, – Verdyan fikrini yekunlaşdırıb.
Rauf Orucov