Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistan Konstitusiyasında nələr dəyişir? - MÜQAYİSƏLİ TƏHLİL
Kilsənin və diasporun rolu zəiflədilir, “Real Ermənistan” ideyası önə çəkilir

Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim etməsi ilə regionda və Ermənistanın daxili siyasətində yeni müzakirələr mərhələsi başlayıb. 89 maddədən ibarət olan yeni layihənin indiyədək dərc olunmuş əsas bölmələrini qüvvədə olan hazırkı Konstitusiya ilə qarşılaşdırdıqda görünür ki, söhbət sadəcə texniki redaktədən getmir. Yeni sənəd dövlətin ideoloji xəttini, qonşulara münasibətini, kilsə və diasporla əlaqələrini, eləcə də hakimiyyət qolları arasındakı balansı köklü şəkildə yenidən qurmağı hədəfləyir. Ali Qanunun yeni layihəsində Azərbaycanı və bölgəni maraqlandıran əsas dəyişikliklərin nədən ibarət olduğunu müqayisəli şəkildə göstərməyə çalışaq.

Ən böyük dönüş: Müstəqillik Bəyannaməsinə istinad çıxarılır, "Real Ermənistan" xətti gəlir

Yeni layihənin hazırkı Konstitusiyadan ən prinsipial fərqi Preambula hissəsindədir. Qüvvədə olan Konstitusiyanın preambulası 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsində əksini tapan prinsiplərə və ümummilli məqsədlərə istinad edirdi. Həmin Bəyannamə isə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair qərarlara bağlı idi və Azərbaycanla sülh müqaviləsinin imzalanması qarşısında rəsmi Bakının irəli sürdüyü əsas hüquqi maneə sayılır. Yeni layihənin preambulasında Müstəqillik Bəyannaməsinə istinad tamamilə çıxarılıb. Bununla yanaşı, köhnə mətndə yer alan və həm Qarabağa, həm də Türkiyə ərazilərinə üstüörtülü iddia kimi qiymətləndirilən "azad, müstəqil və birləşmiş Vətən yaratmaq vəsiyyəti" ifadəsi də aradan qaldırılıb.

Əvəzində yeni preambulaya ilk dəfə olaraq "beynəlxalq səviyyədə tanınmış ərazilərimizdə" ifadəsi daxil edilib. Bu müddəa Paşinyan hakimiyyətinin son dövrlər irəli sürdüyü 29 min 743 kvadratkilometrlik "Real Ermənistan" sərhədlərinin birbaşa Konstitusiya səviyyəsində təsbit edilməsi deməkdir. Eyni zamanda, əvvəlki mətndə dünyadakı bütün erməniləri əhatə edən "Erməni xalqı" ifadəsi yerinə, yeni layihədə yalnız ölkə vətəndaşlarını nəzərdə tutan "Ermənistan Respublikasının xalqı" termini seçilib. Konstitusiyanın özü isə dövlətin daxili və xarici münasibətlərinin əsas prinsiplərinə dair "ümumi razılaşma" kimi təqdim olunur.

Dövlətin "qurucusu" kimdir və "dünyəvi dövlət" prinsipi niyə əlavə olunub?

Hazırkı Konstitusiya dövlətin ümumi xarakteristikası ilə başlayırdısa, yeni layihənin 1-ci maddəsi birbaşa "Ermənistan Respublikasının qurucusu" anlayışını gətirir və qurucu kimi yalnız Ermənistan Respublikasının xalqını göstərir. Burada dövlətin yaradılma məqsədi kimi tarixi missiyalar deyil, vətəndaşların təhlükəsizliyi, azadlığı və rifahı qeyd olunur, bu məqsədin həyata keçirilməsi isə "dövlət marağı" elan edilir.

2-ci və 3-cü maddələrdə iki mühüm yenilik diqqət çəkir. Birincisi, hazırkı Konstitusiyanın 1-ci maddəsində Ermənistan "suveren, demokratik, sosial və hüquqi dövlət" kimi göstərilirdisə, yeni layihənin 2-ci maddəsində bu sıraya "dünyəvi" (laik) sözü də əlavə edilib. İkincisi, 3-cü maddədə "xalq" anlayışına konkret hüquqi tərif verilir: "Xalq Ermənistan Respublikası vətəndaşlarının kollektiv varlığıdır". Həmçinin xalq hakimiyyətinin özgəninkiləşdirilə bilməməsi və Konstitusiya ilə qorunması təsbit olunur. Bu yanaşma ölkənin siyasi taleyində yalnız Ermənistan pasportu daşıyan vətəndaşların söz sahibi olduğunu təsdiqləyir. 4-cü maddədə isə seçkilər və referendumlarla yanaşı, əyalət və yerli özünüidarəetmə orqanlarının seçilməsi, habelə seçici iradəsinin rəsmi səsvermə nəticələrində düzgün əks olunmasına dövlət təminatı ayrıca bənd kimi salınıb.

Xarici siyasətə "sülh" məqsədi salınır, gerbdəki Ağrı dağı təsviri mətndən çıxarılır

Xarici siyasət və təhlükəsizlik bölməsində də nəzərəçarpan dəyişikliklər edilib. Hazırkı Konstitusiyanın 13-cü maddəsində xarici siyasətin məqsədi kimi bütün dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin qurulması göstərilirdi. Yeni layihənin 8-ci maddəsində bu məqsədlərə birbaşa "sülhü təmin etmək" ifadəsi də əlavə olunub. 9-cu maddədə isə Silahlı Qüvvələrin əsas vəzifəsi kimi Ermənistan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığının və təhlükəsizliyinin qorunması təsbit edilir. Ordunun siyasi məsələlərdə bitərəfliyini qoruması və mülki nəzarət altında olması prinsipi olduğu kimi saxlanılır.

Dövlət rəmzlərinə həsr olunmuş 16-cı maddədə (mövcud Konstitusiyanın 21-ci maddəsinin qarşılığı) ciddi dəyişiklik edilib. Hazırkı Konstitusiyada gerbin mərkəzində Türkiyə ərazisində yerləşən Ağrı dağının və Nuhun gəmisinin təsvir olunduğu açıq şəkildə yazılmışdı. Yeni layihədə bayrağın və gerbin ətraflı təsviri, o cümlədən Ağrı dağı ifadəsi Konstitusiya mətnindən çıxarılıb. Layihəyə görə, gerb, bayraq və dövlət himninin təsviri gələcəkdə referendumla qəbul edilən qanunla müəyyən ediləcək. Bu, hakimiyyətə gələcəkdə bütün Konstitusiyanı dəyişmədən rəmzlər haqqında ayrıca qanunu referenduma çıxarmaq imkanı verir.

Diaspor və Kilsə ilə münasibətlərdə yeni çərçivə

Diaspor və dini qurumlarla bağlı maddələrdə də mühüm redaktələr var:

Diasporla əlaqələr (Maddə 13): Mövcud Konstitusiyanın 19-cu maddəsində "repatriasiyaya töhfə verir" ifadəsi ilə yanaşı, "digər dövlətlərdə yaşayan ermənilərin müdafiəsinə töhfə verir" bəndi yer alırdı. Yeni layihənin 13-cü maddəsində "repatriasiya" daha neytral olan "geri dönüş" ifadəsi ilə əvəzlənib, digər dövlətlərdə yaşayan ermənilərin müdafiəsinə dair 2-ci bənd isə yer almayıb.

Dövlət və Kilsə (Maddə 14 və 15): Hazırkı Konstitusiyanın 17-ci və 18-ci maddələrinə uyğun olaraq dini qurumların fəaliyyət azadlığı, dövlətdən ayrılığı və Erməni Apostol Müqəddəs Kilsəsinin milli kilsə kimi müstəsna missiyası saxlanılıb. Lakin əvvəlki mətndə dövlət-kilsə münasibətlərinin "qanunla tənzimlənə bilər" kimi könüllü formada verilən müddəası yeni layihədə "qanunla tənzimlənmişdir (tənzimlənir)" şəklində məcburi normaya çevrilib.

Siyasi partiyalara diaspor və şirkət pulları qadağan edilir

Yeni layihənin 26-cı və 27-ci maddələri (mövcud Konstitusiyanın 8-ci və 46-cı maddələrinin qarşılığı) siyasi partiyaların fəaliyyətinə sərt tələblər gətirir. Əvvəlki Konstitusiyada partiyaların maliyyə mənbələri ilə bağlı konkret məhdudiyyət yox idi. Yeni layihənin 27-ci maddəsinə görə isə siyasi partiyalar yalnız iki mənbədən - Ermənistan vətəndaşlarından gələn fərdi ianələr və qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsi hesabına maliyyələşdirilə bilər. Bu o deməkdir ki, hüquqi şəxslərin (şirkətlərin, fondların), eləcə də xarici ölkələrdəki diaspor nümayəndələrinin siyasi partiyalara pul ayırması Konstitusiya ilə qadağan edilir. Bundan başqa, partiyaların öz daxili rəhbər orqanlarını mütləq seçki sistemi ilə formalaşdırması tələbi də Konstitusiyaya salınıb.

Parlamentin buraxılması asanlaşdırılır, Prezidentin yaş həddi endirilir

Parlamentlə bağlı 29–33-cü maddələrdə (mövcud Konstitusiyanın 88–90, 92, 100 və 101-ci maddələrinin qarşılığı) deputatların minimum sayı 101, səlahiyyət müddəti isə 5 il olaraq saxlanılır. Lakin parlamentin formalaşdırılması və iş mexanizmində bir sıra mühüm yeniliklər yer alıb:

30-cu maddədə Milli Məclisin növbəti və növbədənkənar seçkilərlə yanaşı, "prezident tərəfindən təyin edilən üzvlərlə birlikdə" formalaşdırıldığı qeyd olunur. Eyni zamanda, iki seçkidən və koalisiya danışıqlarından sonra da çoxluq yaranmazsa, "sabit parlament çoxluğu" formalaşdırmaq üçün ikinci turda yeni ittifaqların qurulmasına icazə verilir;

Milli Məclisin buraxılması qaydasında dəyişiklik edilib: mövcud Konstitusiyada parlamentin özünüburaxma qərarı üçün deputatların üçdə ikisinin (2/3) səsi tələb olunurdusa, yeni layihənin 32-ci maddəsində bu hədd beşdə üçə (3/5) endirilib. Müharibə və ya fövqəladə vəziyyət zamanı seçkilərin keçirilməməsi və buraxılmanın qadağan olunması normaları isə daha dəqiq tənzimlənib;

33-cü maddədə parlament iclaslarının açıqlığı təsbit edilməklə yanaşı, qapalı iclaslarda səsvermənin keçirilməsinin qadağan olunduğu xüsusi vurğulanır;

43-cü maddədə isə Baş nazirə etimadsızlıq səsverməsi mexanizmi (yeni namizədin göstərilməsi şərti) saxlanılmaqla, uğursuz cəhddən sonra təkrar layihənin "növbəti sessiyada" deyil, konkret "ən tezi altı ay sonra" verilə biləcəyi müəyyən edilib. Həmçinin fövqəladə vəziyyət və hərbi vəziyyət dövründə etimadsızlıq layihəsinin təqdim edilməsi ilə yanaşı, müzakirə olunması da qadağan edilib.

Prezident institutuna dair 48–52-ci maddələrdə (hazırkı Konstitusiyanın 123–127 və 129–139-cu maddələrinin qarşılığı) parlamentar respublika modeli qorunub saxlanılır: prezident yenə də parlament tərəfindən 7 il müddətinə seçilir və real veto hüququna malik deyil. Lakin bir neçə konkret yenilik diqqət çəkir:

Prezidentliyə namizədlər üçün yaş həddi 40-dan 35-ə, son vətəndaşlıq və daimi yaşayış müddəti isə 6 ildən 5 ilə endirilib. Bundan başqa, mövcud Konstitusiyadakı "yalnız Ermənistan Respublikasının vətəndaşı olan" (ikili vətəndaşlıq qadağası) ifadəsi yeni mətndə yer almayıb, əvəzində "erməni dilini səlis bilən" tələbi dəqiqləşdirilib;

Prezidentin vəzifədən kənarlaşdırılması əsaslarına dövlətə xəyanət və ağır cinayətlərlə yanaşı, "Konstitusiyanın kobud pozulması" bəndi də əlavə olunub;

Parlament 3 ay ərzində müstəqil dövlət orqanlarına və ya Ali Məhkəmə Şurasına üzv seçə bilmədikdə, prezidentə 2 il müddətinə müvəqqəti üzv təyin etmək və hakimlərin müstəqilliyinə nəzarət məqsədilə Ali Məhkəmə Şurasının iclasını çağırmaq səlahiyyəti verilib.

Hökumət iclasları açıq olur, nazir müavinlərinin say limiti ləğv edilir

İcra hakimiyyətinə aid 53–57-ci maddələr (mövcud Konstitusiyanın 146–158-ci maddələrinin qarşılığı) Baş nazirin güclü mövqeyini qorumaqla yanaşı, bir sıra diqqətçəkən dəyişikliklər nəzərdə tutur:

Mövcud Konstitusiyada Hökumət iclaslarının "qapalı" olduğu yazılırdısa, yeni layihənin 54-cü maddəsində qanunla nəzərdə tutulan məxfi hallar istisna olmaqla, Hökumət iclaslarının açıq olduğu təsbit edilib;

Hazırkı Konstitusiyada Baş nazir müavinlərinin sayına qoyulan "ən çoxu 3 nəfər" limiti çıxarılıb - bundan sonra nazirliklərin siyahısı ilə yanaşı, baş nazir müavinlərinin və nazirlərin sayı da adi qanunla müəyyən ediləcək;

55-ci maddəyə əsasən, parlament çoxluğu təkcə deputatları deyil, deputat seçilmək şərtlərinə cavab verən parlamentdənkənar şəxsi də Baş nazir postuna namizəd göstərə bilər. Prezident Baş nazirin təqdim etdiyi nazir namizədini 3 gün ərzində təyin etməzsə və Konstitusiya Məhkəməsinə müraciət etməzsə, həmin şəxs qanun gücündə avtomatik təyin edilmiş sayılır;

57-ci maddədə Baş nazirin daimi olaraq Silahlı Qüvvələrin Baş Komandanı olduğu, Baş Qərargah rəisinin isə Müdafiə nazirinə tabe olduğu birmənalı təsbit edilib. Eyni zamanda, təcili zərurət hallarında Baş nazir ölkə daxilində qoşunların tətbiqi qərarı verərsə və Hökumət bu qərarı ləğv etməsə, prosesin avtomatik olaraq hərbi vəziyyət və ya fövqəladə vəziyyət elan edilməsinə bağlandığı göstərilib.

Nəhayət, Ali Məhkəmə Şurasına həsr olunmuş 58-ci maddədə (hazırkı Konstitusiyanın 173–176-cı maddələrinin qarşılığı) Şuranın 10 üzvünün (5 hakim və 5 qeyri-hakim) hamısının Milli Məclisdə deputatların ən azı beşdə üçünün səsi ilə 7 il müddətinə seçilməsi, üzvlərdən birinin müxalifət fraksiyaları tərəfindən irəli sürülməsi və Şura sədrinin növbə ilə hakim və qeyri-hakim üzvlər arasından 3 il müddətinə seçilməsi nəzərdə tutulur. Şuraya həmçinin yerli və əyalət orqanlarının məhkəmə müstəqilliyinə və ya ictimai etimada zərər vura biləcək bəyanatlarının və addımlarının qarşısını almaq vəzifəsi həvalə edilib, Şura üzvlərinin səlahiyyət dövründə hakim təyin olunması və ya vəzifə pillələrində irəli çəkilməsi isə qadağan olunub.

Ümumilikdə, yeni layihənin mövcud Konstitusiya ilə müqayisəsi göstərir ki, İrəvan bir tərəfdən Azərbaycan və Türkiyə ilə münasibətlərdə əsas hüquqi maneə sayılan preambula və rəmzlər məsələsini yeni redaksiyada həll etməyə çalışır, digər tərəfdən isə daxili siyasətdə kilsənin, diasporun və müxalifətin siyasi-maliyyə təsir imkanlarını məhdudlaşdıraraq icra hakimiyyətinin çevikliyini artırır.

Turqut