Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ və İran gecə ərzində bir-birinə qarşılıqlı zərbələr endiriblər

Amerika hərbçiləri İrandakı hədəflərə zərbələr endiriblər, hücum zamanı onlarla hədəf vurulub.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.

"CENTCOM İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə hücumları davam etdirmək imkanlarını zəiflətmək məqsədilə yüksəkdəqiqlikli sursatların köməyi ilə bir neçə yerdə onlarla hədəfi vuraraq İrana qarşı yeni hücum zərbələri dalğasını başa çatdırıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, zərbələr zamanı ABŞ Silahlı Qüvvələri qırıcılar, gəmilər və dronların köməyi ilə İranın hava hücumundan müdafiə sistemlərini, sahil radarlarını, eləcə də katerlərini vurub. Bu zaman ilk dəfə olaraq zərbə tipli dəniz dronlarından istifadə edilib.

İran ordusu isə ABŞ-nin hava hücumlarına cavab olaraq Birləşmiş Ştatların Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, Bəhreyndə hava hücumu xəbərdarlığı elan edilib və hərbi bazalardan birinə raket atılıb. Hücum barədə məlumatı Bəhreynin Daxili İşlər Nazirliyi təsdiqləyib.

"İnsanların yaxınlıqdakı sığınacaqlara yerləşdirilməsi tövsiyə olunub", - məlumatda bildirilib.

ABŞ-nin Küveytdəki hərbi bazasında da partlayışın baş verdiyi barədə məlumat yayılıb.