Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ senatoru: "Putin vaxtı uzatmaqla bizi yoracağını zənn edir"

Rusiyaya qarşı yeni sanksiya layihəsinin məqsədi Moskvanın enerji gəlirlərini azaltmaq, Rusiya nefti və qazını alan ölkələrə təzyiq göstərməkdir. Bunu ABŞ senatoru Cinn Şahin sentyabrın 17-də AzadlıqRadiosuna verdiyi müsahibədə bildirib. Sözügedən qanun layihəsi artıq Konqresdən keçib və imzalanmaq üçün prezidenti Donald Trampa göndərilib.

Senator bu qanunun vacib bir mesaj verdiyini deyib. Belə ki, layihə Konqresdə hər iki partiyanın böyük dəstəyi ilə qəbul olunub.

"Layihəni həm demokratlar, həm də respublikaçılar dəstəkləyiblər. Bu qanun yalnız Rusiyanın maliyyə sektoruna, oliqarxlara, Vladimir Putinin ətrafında ölkənin bu müharibəni aparmasına kömək edən şəxslərə qarşı tədbirləri sərtləşdirməyəcək. O, eyni zamanda, müharibəni maliyyələşdirən neft və qaz gəlirlərini də hədəf alacaq", – senator deyib.

C.Şahin bildirir ki, Rusiya nefti və qazından ən çox istifadə edən beş ölkəyə gömrük rüsumları tətbiq olunacaq. Ən böyük alıcılar olduqları üçün söhbət əsasən Çin və Hindistandan gedir.

Sözügedən qanun layihəsi, bəzi istisnalar nəzərə alınmaqla, Rusiya nefti və ya təbii qazının beş ən böyük alıcısına 100 faizədək gömrük rüsumu tətbiq edilməsinə icazə verir.

Bu sanksiyalar Rusiyanın müharibə iqtisadiyyatına nə qədər tez əhəmiyyətli təzyiq göstərə bilər? Senator Şahin bunun administrasiyadan asılı olduğunu deyir: "Prezident qanun layihəsini yaxın bir-iki gün ərzində imzalamağı planlaşdırır. Ümid edirik ki, sənəd imzalanan kimi Maliyyə Nazirliyi sanksiyaları tətbiq etməyə başlayacaq".

Putin danışıqlara ciddi yanaşırmı?

Sanksiyaların təsirinin konkret hansı göstəricilərlə ölçüləcəyinə gəlincə, senatorun fikrincə, əsas məsələ gəlir mənbələrinin bağlanmasıdır. O, Avropanın artıq Rusiya neftindən imtina etdiyini, Rusiya qazından asılılığı da aradan qaldırdığını bildirir. Ancaq Çin başda olmaqla, dünyada bunu etməyən ölkələr də var: "Çinə çatdırılmalıdır ki, Rusiya qazını almağı, Moskvaya mülki şəxslərin ölümünə səbəb olan bu dəhşətli və əsassız müharibəni yürütməkdə və maliyyələşdirməkdə dəstəyi sürdürmək istəyirsə, bunun bədəlini ödəməli olacaq. Onlar bazar qiymətini ödəməli olacaqlar. "Kölgə donanması" vasitəsilə qara bazardan neft və qaz alıb bazar qiymətini ödəməmək dövrü başa çatmalıdır".

Tramp Rusiya ilə Ukrayna arasında enerji atəşkəsindən danışıb. Məhdud atəşkəs hansı şərtlərlə daha geniş razılaşmaya apara bilər? Senator Şahin deyir ki, bu, razılaşmanın necə qurulacağından və Rusiyanın danışıqlar masasına nə dərəcədə ciddi yanaşacağından asılıdır.

"Vladimir Putin hamını, o cümlədən Tramp administrasiyasını və onun elçilərini barmağına dolayır, çünki o, vaxtı uzatmaqla bizi yoracağını və məqsədinə çatacağını zənn edir. Fikrimcə, sentyabrın 16-da Konqres hər iki partiyanın dəstəyi ilə güclü bir mesaj verdi: biz Putinə və Rusiyaya bizim yorulub geri çəkilməyimizi gözləmək imkanı verməyəcəyik. Onlara təzyiq göstərmək üçün əlimizdən gələni edəcəyik", – senator bildirib.