ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
15 İyul 2026
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Fars körfəzi ölkələri Hörmüz boğazında gəmiçiliyə görə ödəniş tətbiq edilməsi təşəbbüsünü dəstəkləməyiblər.
Bu barədə o, İraqın Baş naziri Əli əz-Zeydi ilə görüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
“Düşünürdüm ki, bu, yaxşı ideyadır”, - deyə Tramp ABŞ-ın Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına görə daşınan yüklərin dəyərinin 20 faizi həcmində ödəniş alınması təklifini şərh edərkən bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, Fars körfəzi ölkələrinin liderləri onunla əlaqə saxlayaraq fərqli yanaşmaya üstünlük verdiklərini bildiriblər.
“Onlar dedilər ki, başqa cür hərəkət etmək istəyərlər”, - deyə Tramp qeyd edib.
O əlavə edib ki, bu səbəbdən ödəniş ideyasından imtina edərək Körfəz ölkələri ilə ticarət və investisiya əməkdaşlığına üstünlük verib.
“Onların hamısı ilə danışdım. ABŞ-a rekord həcmdə investisiya yatırmağa hazır olduqlarını dedilər. Bu, tamamilə məqbul olardı”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti vurğulayıb ki, ödəniş tətbiqi ideyasını bəyənməsə də, ABŞ-ın Hörmüz boğazını bütün dünya, o cümlədən Çin üçün qorumasına baxmayaraq bunun müqabilində heç bir kompensasiya almamasını ədalətli hesab etmir.