Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu

ABŞ 2024-cü maliyyə ilində Ermənistana hərbi dəstəyini əhəmiyyətli dərəcədə artırıb. 2002-ci ildən 22 il ərzində İrəvana ayrılan ümumi vəsait 60 milyon dollardan çox olub.

Bu barədə "RİA Novosti" ABŞ hökumətinin məlumatlarına istinadən məlumat yayıb.

Ötən həftə Pentaqon rəhbərinin müavininin köməkçisi Endryu Lumis bildirib ki, rəsmi Vaşinqton Ermənistan ordusuna islahatların aparılmasına kömək etmək üçün mövcud proqramlarının bütün imkanlarından istifadə etməyi planlaşdırır.

"Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı çərçivəsində ABŞ-nin Ermənistana hərbi yardımı 2002-ci ildən başlayıb", - deyə xəbərdə bildirilir.

Pentaqonun rəsmi statistikasına əsasən, 2024-cü maliyyə ilində bu maliyyələşmə kəskin şəkildə çoxalıb. Həmin dövrdə ABŞ Ermənistana 8.1 milyon dollardan artıq vəsait yönəldib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm təxminən 16 min dollar, 2022-ci ildə isə təqribən 1.3 milyon dollar təşkil edib. 2025-ci il üzrə göstəricilər isə hələlik açıqlanmayıb. 2023-2024-cü təqvim illərində Ermənistan təqribən 18 milyon dollar vəsait əldə edib. 2025-ci ilin yanvarında ABŞ Dövlət Departamenti bu məbləğin FMF çərçivəsində hərbçilərin hazırlığı üçün Milli Təlim Mərkəzinin inkişafı da daxil olmaqla, bir sıra layihələrə yönəldildiyini bəyan edib. Bu açıqlamadan bir ay əvvəl isə ABŞ-nin müdafiə naziri müvafiq məqsədlər üçün vəsaitlərin son iki il ərzində ayrıldığını diqqətə çatdırmışdı.