Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Kubaya qarşı hərbi əməliyyat variantlarını nəzərdən keçirir

Pentaqon son həftələrdə Kubaya qarşı mümkün hərbi əməliyyat variantlarını, o cümlədən ABŞ ordusunun 101-ci hava-desant diviziyasının tərkibində olan minlərlə hərbçinin iştirakı ilə desant əməliyyatını nəzərdən keçirir.

Bu barədə CBS News bir neçə mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, söhbət qəbul edilmiş qərardan deyil, ilkin hərbi planlaşdırmadan gedir. Onlar vurğulayıblar ki, ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbərliyi hələlik hər hansı əməliyyatın keçirilməsinə icazə verməyib.

Telekanal qeyd edir ki, ötən ayın sonunda ABŞ hərbçiləri qapalı brifinq keçiriblər. Brifinq zamanı ayrı-ayrı missiyaların həyata keçirilməsi ilə bağlı mümkün ssenarilər, tələb olunan qüvvələrin sayı, logistika və potensial risklər müzakirə olunub.

Bununla yanaşı, CBS News-un həmsöhbətləri hesab edirlər ki, yaxın vaxtlarda ABŞ-ın hərbi diqqətinin Kubaya yönəlməsi ehtimalı azdır. Buna səbəb ABŞ qüvvələrinin və resurslarının əhəmiyyətli hissəsinin artıq İrana qarşı keçirilən əməliyyata cəlb olunmasıdır.