ABŞ-ın sanksiya tətbiq etdiyi "Lahij Energy" şirkətinin fəaliyyəti araşdırılmalıdır - Ekspertlər
02 May 2024
Mayın 1-də ABŞ
Maliyyə Nazirliyinin açıqladığı sanksiya siyahısında 60 şirkətin adları var və
Rusiya ilə yanaşı Azərbaycan, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ),
Slovakiya və Türkiyə şirkətləri də sanksiyalar altına düşüb.
ABŞ sanksiyaları
Azərbaycanın “Lahic Energy” MMC-yə və onun direktoru Cahangir Əliyevə və
atasına Yevgeni Əliyevə də tətbiq olunub.
ABŞ Maliyyə
nazirliyinin açıqlamasında deyilir ki, "Lahıc Energy" MMC-yə sanksiya
tətbiq edilməsinin səbəbi bu şirkətin Rusiyanın hərbi-sənaye bazasını
dəstəkləmək üçün müəyyən edilmiş Rusiya Federasiyası iqtisadiyyatının bir
sektorunda fəaliyyət göstərməsi ilə bağlıdır.
"Lahıc Energy» MMC Azərbaycan şirkətidir, Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospekti, ev 15-də yerləşir.
Milli Məclisin
deputatı Rasim Musabəyov Turana bildirib ki, ilk növbədə sözügedən şirkətin
rəhbərinin kim olduğunu araşdırmaq lazımdır: "Çox güman ki, o Rusiyada
yaşayan azərbaycanlıdır. Ukrayna ilə müharibə başlayandan, sanksiyalar
tətbiqindən sonra bir çoxları gəlib Qazaxıstana, Azərbaycana, Ermənistana,
Gürcüstana şirkət açıblar. Axtarmaq lazımdır ki, bu adam Azərbaycana nə
dərəcədə aiddir".
Deputat hesab edir ki, bu sanksiyanın Azərbaycana heç bir mənfi təsiri olmayacaq: "Bu şirkətə qarşı sanksiyalar qəbul olunubsa, sadəcə həmin şirkətin bank hesablarını bağlayacaqlar, bununla da Azərbaycan ərazisində bütün əməliyyatlar dayandırılacaq. Ancaq mən istisna etmirəm ki, onun bundan başqa bir neçə şirkəti qeydiyyatdan keçib".
"Atlas"
Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Rusiya Ukraynaya
qarşı işğalçı müharibəni başladıqdan sonra ABŞ və Avropa Birliyinin Rusiyaya
müxtəlif sanksiyalar mövcuddur və bu sanksiyalar da getdikcə sərtləşir:
"Sanksiyaların içində Rusiyanın vətəndaşları, oliqarxları, şirkətləri
zaman-zaman yer alır. Amerika o şirkətləri və iş adamları hədəf alır ki, onlar
Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edirlər. Buna görə hətta Çin və
Türkiyə ehtiyatlı mövqeyə keçiblər, Hindistan Rusiya ilə ticarət əlaqələri
azaldıb".
Politoloqun
fikrincə, Azərbaycan da bu məsələdə diqqətlidir: "Baxmayaraq ki, Rusiya
ilə müəyyən münasibətlərimiz var, amma Ukraynada müharibə davam etdikcə Rusiya
ilə hərbi sənaye sahəsində əməkdaşlığın riskləri böyükdür".
O, hesab edir ki,
"Lahıc Energy" şirkəti ilə bağlı araşdırma aparılmalıdır:
"Baxılmalıdır ki, bu şirkət Rusiyanın hərbi-sənaye kompleksi ilə
əməkdaşlıq edirmi? Əgər həqiqətən o nəticəyə gəlinsə ki, bu şirkət Rusiyanın
hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edir, onda qəti qərar verilməlidir. Yox,
bilinsə ki, elə deyil, açıqlama verilməlidir. Çünki şirkət sanksiyalar altına
düşübsə, onun Amerika və Avropa ilə əlaqələrdə ciddi problemlər yaşanacaq,
üstəgəl bundan dövlətimiz də müəyyən qədər zərər görə bilər".